Universiadada uğurla çıxış etmiş Azərbaycan idmançıları Vətənə qayıtdılar.

 Kazanda keçirilən 27-ci Dünya Universiadasında uğurla çıxış etmiş Azərbaycan millisinin üzvləri 17-dən 18-nə keçən gecə saat 05.00-da Vətənə qayıtmışlar.  Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanması mərasimi olmuşdur. Qarşılanma mərasimində Gənclər və İdman Nazirliyi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri də iştirak etmişlər.
Azərbaycan millisi Kazan Universiadasında iştirak edən 170 ölkə arasında 15-ci olmuşdur. Komandamızın üzvləri, ümumilikdə, 16 medal qazanmışlar. Bunların 4-ü qızıl, 5-i gümüş və 7-si isə bürüncdür.
Milli komandamızın heyətində ağırlıqqaldıranımız Firudin Quliyev, 5000 metr məsafəyə qaçış yarışlarında Hayle İbrahimov və güləşçilərimiz Yuliya Ratkeviç, Rəsul Çunayev qızıl, ağırlıqqaldıranımız Kristina İova, kəmər güləşi yarışlarda çıxış etmiş Ülviyyə Kərimova, güləşçilərimiz Cəbrayıl Həsənov, Patimat Baqomedova, Kamran Məmmədov gümüş medala sahib olmuşlar. Cüdoçumuz Məmmədəli Mehdiyev, güləşçilərimiz İrina Netrebi, Hacı Əliyev, Eldəniz Əzizli, samboçularımız Ağasif Səmədov, Emin Həsənov, İslam Qasımov Universiadanı üçüncü pillədə başa vurmuşlar.
Universiadanın qalibi 292 medalla Rusiya olmuşdur. Çin Xalq Respublikası 77 medalla  ikinci, Yaponiya isə 84 medalla  üçüncü olmuşdur.