“Unudulmaz dahi” adlı inşa yazı müsabiqəsi keçirildi.

 Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindənYAP Binəqədi Rayon Təşkilatının binasında Binəqədi rayon orta ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş “Unudulmaz dahi” adlı inşa yazı müsabiqəsi keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd Ümummilli lider Heydər Əliyevin anım gününün qeyd olunması, Heydər Əliyev irsinin yeniyetmə və gənclər arasında geniş təbliğ olunması və bacarıqlı və istedadlı gənclərin aşkar edilməsidir.

        Tədbiri giriş sözü ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov qeyd etdi ki,Azərbaycan xalqının tarixində və taleyüklü məsələlərin həllində müstəsna xidmətləri olan tarixi şəxsiyyətlər, görkəmli siyasət və dövlət adamları çox olmuşdur.Belə tarixi şəxsiyyətlər içərisində Azərbaycan xalqının Ümummilli lideri adını qazanmış görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi Heydər Əliyevin xüsusi rolu vardır.

Sonra çıxış edən YAP Binəqədi Rayon Təşkilatının aparat rəhbəri Qabil Qafarov müsabiqənin keçirilməsinin vacibliyini vurğuladı.O, Ümummilli lider Heydər Əliyev irsinin təbliği və qorunması istiqamətində həyata keçirilən tədbirləri xüsusi olaraq qeyd etdi və bildirdi ki, məktəblilər arasında inşa yazı müsabiqəsinin keçirilməsi Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Binəqədi Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Seymur Hacıyev xalqımızın Ümummilli lideri Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyasının həyat tərzində, əxlaqda, mənəviyyatda, dildə, dində, ictimai-humanitar düşüncənin bütün sahələrində istiqamətləndirici məfkurə olduğunu vurğuladı.

      Tədbirdə çıxış edən YAP Binəqədi Rayon Təşkilatının baş təlimatçısı Aygün Əliyeva müsabiqənin hər bir yeniyetmə və gəncin gələcək həyatında mühüm əhəmiyyət kəsb etdiyini bildirərək iştirakçılara uğurlar arzuladı.

Sonda Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Sevinc Süleymanova iştirakçıları müsabiqənin əsasnaməsi ilə tanış etdikdən sonra müsabiqəyə start verildi.

Müsabiqədə rayonun 32 orta məktəbindən 70 nəfər şagirdin iştirakı edirdi.