Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

   Xətai rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunları keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2004-2005-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnir torpaqlarımızın azadlığı uğrunda şəhid olan Azərbaycanın Milli Qəhrəmanı Ələkbər Əliyevin xatirəsinə həsr edilmişdir. Turnirin oyunları Xətai rayonu 204 nömrəli tam orta məktəbin idman meydançasında keçirilmişdir. Yarışmanın 3-cü yer uğrunda oyununda Araz komandası Xəzər komandasına 4 – 2 hesabı ilə qalib gəlmişdir. Final oyununda Əhmədli komandası Xətai komandasına 3 – 0 hesabı ilə qalib gələrək I yeri tutmuşdur. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, Xətai rayonu Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Xalid Məmmədov, Xətai rayonu 204 nömrəli tam orta məktəbin direktoru Ziba Rzayeva, şəhid Ələkbər Əliyevin qardaşı Nurəddin Əliyev, oğlu Xəyal Əliyev və digər rəsmi şəxslər iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, həmçinin torpaqlarımızın azadlığı uğrunda şəhid olan Ələkbər Əliyevin vətənpərvərliyi və fədakarlığı haqqında məlumatlar vermişlər.
Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.