Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turniri keçirilmişdir

  Yasamal rayonu üzrə məhəllələrarası mini-futbol turnirinin final oyunu keçirilmişdir. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən 2004-2005-ci illər təvəllüdlü uşaqlar arasında keçirilən turnirin oyunları Yasamal rayonu Haqverdiyev küçəsi 577-ci məhəllədə yerləşən mini-futbol meydançasında keçirilmişdir. Yarışmanın əsas oyununda Karvan və Yasamal komandaları əsas hissəni 4 – 4 hesabı ilə başa vurmuş, 7 metrlik zərbələr nəticəsində Karvan komandası 8 – 7 hesabı ilə qalib gəlmişdir. Turnirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşları baş məsləhətçi Salman Əbdülov və aparıcı məsləhətçi Cəlil Əlizadə, Yasamal rayonu Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Yusif Quliyev iştirak etmişlər. Natiqlər öz çıxışlarında futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən məhəllələrarası mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun İnkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmişlər. Tədbirin sonunda qalib komandaların üzvləri Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlarla, idman geyimləri və kubokla təltif olunmuşlar.