Yasamal rayonunda uşaqlar zorakılığa yox dedilər!

  11 noyabr 2014-cü il tarixdə Yasamal rayonu ərazisində yerləşən 21 nömrəli tam orta məktəbin futbol meydançasında “Biz zorakılığa yox deyirik” devizi altında mini-fitbol üzrə rayon birinciliyinin final oyunları keçirilmişdir. Yarışmanın sonunda təntənəli bağlanış mərasimi keçirilmişdir. Tədbirdə millət vəkili, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, Avropa Şurasının “Uşaqlara qarşı zorakılıq proqramı”nın Azərbaycan üzrə əlaqələndiricisi Sevinc Fətəliyeva, Yasamal rayonu Gənclər və İdman İdarəsinin rəisi İlham Səfərov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov, 21 nömrəli tam orta məktəbin direktoru Ceyhun Bayramlı və digər rəsmi şəxslər iştirak etmişlər. İdarə rəisi İlham Səfərov çıxış edərək bildirmişdir ki, uşaq zorakılığı halları olduqca aktual məsələdir və zorakılığa məruz qalmış uşaqların qarşılaşdıqları sosial, psixoloji problemlərin öz həllini tapması rayon rəhbərliyinin daim ciddi nəzarətində saxlanılır. Millət vəkili Sevinc Fətəliyeva çıxış edərək bildirdi ki, uşaq hüquqları, uşaqlara qarşı zorakılıq məsələləri həmişə Azərbaycanda diqqət mərkəzində saxlanılır, uşaq hüquqlarının qorunması, zorakılıq hallarının azaldılması istiqamətində böyük işlər görülür. Məhz bunun nəticəsidir ki, Avropa Şurasının dəstəyi ilə Azərbaycanda belə bir proqram reallaşdırılır. Baş İdarənin əməkdaşı Salman Əbdülov çıxış edərək futbolun inkişafında xüsusilə uşaqlar arasında keçirilən mini-futbol turnirinin böyük rol oynadığını, respublika prezidentinin müvafiq sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında 2005-2015-ci illərdə Futbolun Inkişafına dair Dövlət Proqramı”nın bu tipli tədbirlərin keçirilməsi ilə yüksək səviyyədə icra olunduğunu bildirmiş, həmçinin bu keçirilən turnirlər vasitəsilə bir çox layihələr çərçivəsində, o cümlədən uşaq zorakılığına qarşı mübarizə məqsədilə maarifləndirmə tədbirlərinin həyata keçirilməsi haqqında məlumat vermişdir.
Sonda qalib komandaların üzvləri müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə təltif olunmuşlar.