Heydər Əliyev ili çərçivəsində “Nə? Harada? Nə vaxt?” adlı intellektual oyun keçirilib.

Dekabrın 23-də Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Yasamal Rayon İcra Hakimiyyətinin və Yasamal Bələdiyyəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyev ili çərçivəsində Azərbaycan Texniki Universitetində ali və orta ixtisas təhsili müəssisələrinin komandaları arasında “Nə? Harada? Nə vaxt?” adlı intellektual oyun keçirilib.
Yarışdan əvvəl Azərbaycanın dövlət himni səsləndirilib, daha sonra Ümummilli Lider Heydər Əliyevin və Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbir BŞGİİ-nin Yasamal rayonu üzrə gənclər və idman sektorunun müdiri İlham Səfərovun çıxışı ilə başlayıb.
Yarışın sualları “3 sual.az platforması” təşkilatının texniki dəstəyi ilə münsiflər heyəti tərəfindən oyunun qaydalarını izah etdikdən sonra elan edilib.
Yarışın yekun nəticələrinə görə, Kaspi Universitetinin komandası 1-ci, Azərbaycan Memarlıq və İnşaat Universitetinin komandası 2-ci, Azərbaycan İlahiyyat İnstitutunun komandası isə 3-cü yerə layiq görülüb.
Yarışdan sonra qaliblər Bakı Şəhər Gənclər və İdman İdarəsi tərəfindən diplom və medallarla, qalib komandaya isə kubok təqdim olunub.
Qeyd edək ki, yarışda Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, Bakı Biznes Universitetinin, Azərbaycan İlahiyyat İnstitutunun, Azərbaycan Milli Konservatoriyasının, Xəzər Universitetinin, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecinin və 1 nömrəli Bakı Tibb Kollecinin komandaları olmaqla 66 nəfər iştirak edib.