Nərimanov rayonunda şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş şahmat üzrə rayon turniri keçirilib.

               Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi, Nərimanov rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə “Odlar Yurdu” Universitetində şəhid Sənan Axundovun xatirəsinə həsr edilmiş məktəblilər arasında şahmat üzrə Nərimanov rayon turniri keçirilib.
Yarışın keçirilməsində məqsəd aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Sənan Axundovun xatirəsini yad etmək, məktəbliləri şahmat idman növünə cəlb edərək bu idman növünü daha da inkişaf etdirmək, onların fiziki cəhətdən inkişafının və sağlamlıqlarının qorunmasını təmin etməkdir.
Turnirin açılış mərasiminində ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi, Yeni Azərbaycan Partiyasının Nərimanov Rayon Təşkilatının sədr müavini Nəcəf Novruzov, 45 saylı tam orta məktəbin direktoru Nəcibə Axundova, aprel döyüşlərində şəhid olmuş Mahir Mirzəyevin atası Sabir Mirzəyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev, “Odlar Yurdu” Universitetinin prorektorları Aqil Məmmədov və professor Novruz Zeynalov, “Ağ Top” Şahmat Klubunun direktoru Cavanşir Bağırov çıxış edərək qeyd etmişlər ki, hər bir dövlətdə güclü оrdunun yaradılması tariхi zərurətdir. Güclü ordusu olan dövlət basılmazdır, yenilməzdir. Milli Ordumuzda xidmət etmək Vətənə ən şərəfli xidmətdir. Çünki bu ordu Azərbaycanımızın müstəqilliyinin, onun təhlükəsizliyinin qoruyucusudur. Eyni zamanda natiqlər vurğuladılar ki, ölkəmizdə idmanın inkişafına dövlət tərəfindən böyük diqqət və qayğı göstərilir. İdmançılarımız beynəlxalq arenada ölkəmizi uğurla təmsil edirlər.
Qeyd edək ki, Axundov Sənan Tahir oğlu Füzuli şəhərində anadan olmuşdur. 1996-ci ildə Bakı şəhəri 144 nömrəli tam orta məktəbi bitirmişdir. Həmin il Bakı Ali Hərbi Akademiyaya daxil olmuş və 2001-ci ildə leytenant rütbəsi ilə bitirmişdir. Həmin ildən etibarən Azərbaycan Respublikasının Silahlı Güvvələrində kəşfiyyatçı olaraq çalışmağa başlamışdır. Belə ki, məzun olduqdan sonra ilk təyinatını Aqstafa şəhərində yerləşən “N” saylı hərbi hissəsinə kəşfiyyatçı olaraq almış və burada 3 il çalışmışdır. Savad və geniş potensiala malik olduğuna görə Müdafiə Nazirliyində Baş Kəşfiyyat İdarəsində bölmə rəisi vəzifəsinə təyin edilmişdir. Baş Kəşfiyyat İdarəsində kapitan rütbəsindən polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir. 2008-ci ildə Almaniya Federativ Respublikasında Almaniya Silahlı Güvvələrinin Hərbi Akademiyasını bitirmişdir. 2012-ci ildə, 2013-cü ildə, 2015-ci ildə Almaniya Silahlı Qüvvələrinini keçirtdiyi Kəşfiyyatçıların müxtəlif təlimlərində və görüşlərində iştirak etmiş, hər iki dövlətin bu sahədə əməkdaşlığına köməklik etmişdir.
Hərbi fəaliyyəti zamanı “Xidməti vəzifələrini layiqincə yerinə yetirdiyinə görə”, “Qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsində, döyüş hazırlıqlarının yüksəldilməsində, hərbi nizam-intizamın möhkəmləndirilməsində əldə etdiyi nailiyyətlərə görə” Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən Fəxri Fərmanlarla təltif edilmişdir. Hərbi xidməti zamanı 5 hərbi medalla təltif olunmuşdur-onlardan üçü “Qüsursuz hərbi xidmətə görə” medalıdır. 37 yaşlı, iki azyaşlı övlad atası, dövlətə və azərbaycançılığa sadiq, vətənini və Qarabağ torpaqlarını öz canı qədər sevən, tapşırılan işlərə öz ciddiliyi və məsuliyyəti ilə yanaşan, Müdafiə Nazirliyində böyük hörmətə malik olan polkovnik –leytenant Axundov Sənan 2016-cı ildə aprel hadisələri zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək arzusu ilə könüllü olaraq Müdafiə Nazirliyinin rəhbərliyinə dəfələrlə raportla müraciət etmiş və cəbhədə yerləşən N hərbi hissəsinə Kəşfiyyat İdarə Rəisi vəzifəsinə təyin olunaraq, peşəkar və ixtisaslı kadr kimi Vətəninə xidmət etmək üçün cəbhəyə yollanmışdır.
Aprelin 18-i Axundov Sənan Azərbaycan Respublikasının suverenliyi, azadlığı, ərazi bütövlüyü uğrunda Füzuli rayonu ərazisində Lələtəpə yüksəkliyində vəzifə səlayihətlərini yerinə yetirərkən, tabeliyində olan zabitin, polkovnik-leytenantın minaya düşməsinin şahidi olmuş və onu xilas edərkən şəhid olmuşdur.
Olimpiya sistemi üzrə keçirilən turnirdə rayonun 22 məktəb komandası tərkibində 66 nəfər məktəbli iştirak edib. Yarışda I yeri Məktəb-Lisey Kompleksin komandası, II yeri “Ankara məktəbi” məktəb-liseyin komandası və III yeri isə 207 saylı tam orta məktəbin komandası qazanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir