Şahin hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir.

                 Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində Şahin hərbi-idman oyununun Bakı şəhəri üzrə zona mərhələsi keçirilmişdir. Tədbirdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təlim və Tədris Mərkəzinin rəis müavini polkovnik Elvin Əzizov,  Gənclər və İdman Nazirliyinin sektor müdiri Əli Məmmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, iştirakçı komandaların üzvləri iştirak ediblər.

          Tədbirdə cıxışçılar gənclərimizin hərbi vətənpərvərlik ruhunda böyüməsinin vacibliyini qeyd edərək Azərbaycan gənclərinin hər zaman torpaqlarımızı düşməndən azad etməyə hazır olduqlarını vurğulayıblar.

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov Şahin hərbi-idman oyununun keçirilməsində məqsədin böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsinə diqqət və qayğını daha da artırmaq, məktəb şagirdlərini hərbi idman oyunlarına cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməsindən ibarət olduğunu vurğulayıb. O, bu gün Azərbaycanda güclü, intelektual və hər an düşməni məhv edəcək cəsur gənclik yetişdiyini diqqətə çatdırıb. Baş İdarə rəisi gənclərimizdə Vətən sevgisinin yüksək olduğunu, onların topraqlarımızın işğaldan azad edilməsi üçün döyüşə hazır olduqlarını qeyd edib. R.Abbasov aprel döyüşlərində Azərbaycan hərbçilərinin düşmənlə döyüşlərdə göstərdikləri rəşadət və tarixi qələbəmizin buna sübut olduğunu vurğulayıb.

           Çıxışlar başa çatandan sonra yarışların hakimi baş hakimə məruzə edib və komandalar öz bacarıqlarını nümayiş etdiriblər. İlk mərhələdə komandalar təntənəli marşla sıra addımı ilə hərəkət ediblər. Sonra komandalar sıra hazırlığı, darağa patron doldurulması və boşaldılması, avtomatın sökülməsi və yığılması,tüfəngdən hədəfə atəş açmaq, fiziki hazırlıq, maneələrin dəf olunması,mülki müdafiə hazırlığı, çadırın qurulması mərhələləri üzrə mübarizə aparmışlar.

            Qeyd edək ki, yarışda Bakı şəhərinin 11 rayon komandası ilə yanaşı, Zəngilan, Şuşa və Laçın rayon komandaları da iştirak ediblər. Nəticələrə görə I yerə Yasamal rayonu 20 nömrəli   məktəb-lisey, II yerə Binəqədi rayonu 100 saylı tam orta məktəb, III yerə isə Nizami  rayonu 328 nömrəli tam orta məktəb layiq olmuşlar. Qalib komandalara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri təqdim olunmuşdur. I və II yeri tutmuş komanda may ayında keçiriləcək respublika final mərhələsinə vəsiqə qazanmışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir