Xətai rayonunda aprel şəhidimiz Xaliq Əzizzadənin xatirəsinə mini-futbol turniri keçirilmişdir
Zığ yolu 9 ünvanında yerləşən futbol meydançasında uşaq və yeniyetmələr arasında torpaqlarımızın azadlığı uğrunda aprel döyüşlərində şəhid olmuş Xaliq Əzizzadənin xatirəsinə həsr olunmuş mini-futbol turniri keçirilmişdir. Gərgin və maraqlı oyun şəraitində keçən turnirdə I yeri Turan komandası, II yeri Araz komandası, III yeri Xəzər komandası tutmuşlar.
Turnirin rəsmi bağlanış mərasimində Xətai rayonu Gənclər və İdman İdarəsinin rəisi Əfqan Rzayev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçi Salman Əbdülov, şəhid Xaliq Əzizzadənin ataşı Həsən Qasımov, şəhid Fəxrəddin Qurbanlının atası Seyfəddin Qurbanov, şəhid Mahir Quliyevin atası Qədir Quliyev iştirak etmişlər.
Natiqlər çıxış edərək qeyd etmişlər ki, aprel döyüşlərində zabit və əsgərlərimiz böyük hünər və igidlik göstərmişlər. Ümummilli Lider Heydər Əliyev demişdir ki, orduda xidmət edən əsgərlər, borcunu yerinə yetirən gənclər xalqımızın, cəmiyyətimizin içərisində hörmətli, dəyərli insanlardır. Həyatını bu şərəfli peşəyə – ölkəni, Vətəni qorumaq peşəsinə həsr edən zabitlər, hərbçilər Azərbaycan xalqının daim hörmət və ehtiramını qazanacaqlar.
Daha sonra çıxış edən şəhid Xaliq Əzizzadənin atası Həsən Qasımov tədbir təşkilatçılarına təşəkkürünü bildirdi və Xaliqin həyatı haqqında məlumat verdi. Şəhidin atası bildirdi ki, Xaliq Əzizzadə 1996-cı ilin avqust ayında Şərur rayonunda anadan olub, Xətai rayonu 116 nömrəli tam orta məktəbdə orta təhsil almışdır. Əsgər Xaliq Əzizzadə 2016-cı ilin aprel ayında Azərbaycan-Ermənistan təmas xəttində baş verən atışma zamanı qəhrəmancasına şəhid oldu. Xaliq Əzizzadə ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edildi.
Çıxışlardan sonra qalib komandaların üzvləri və oyunlarda fərqlənənlər müvafiq dərəcəli diplomlarla və futbol geyimləri ilə təltif olunmuşlar.