ƏSGƏRLƏR ARASINDA BREYN – RİNQ VƏ STOLÜSTÜ OYUNLAR ÜZRƏ YARIŞLAR KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin Mühafizə alayının 2-ci atıcı bölüyündə əsgərlər arasında breyn – rinq, şahmat və dama üzrə yarışların zona mərhələləri keçirilmişdir. Mühafizə alayının 2-ci, 3-cü, 9-cu və 18-ci atıcı bölüklərinin əsgərləri arasında 2019-cu ilin Nəsimi ili elan olunması ilə əlaqədar Nəsiminin anadan olmasının 650 illiyinə həsr olunmuş breyn – rinq bilik yarışmasının, o cümlədən şahmat və dama turnirlərinin zona mərhələsində Mühafizə alayının Tərbiyə işləri üzrə komandir müavini, ədliyyə polkovnik – leytenantı Əfqan Nəbiyev, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin əməkdaşları – inspektor, ədliyyə baş leytenantı Arif Əlizadə, inspektor, ədliyyə baş leytenantı Orxan Musayev, Mühafizə alayının 2-ci atıcı bölüyünün komandiri, ədliyyə kapitanı Kamran Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və Xəzər Universiteti Dünya Məktəbinin şahmat klubunun rəhbəri, FİDE Ustası Elşad Rzayev çıxış edərək keçirilən tədbirlərin əsgər və zabitlərin asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana olan maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamış, yarışların iştirakçılarına uğurlar diləmişlər.
Olimpiya sistemi üzrə keçirilən breyn – rinq bilik yarışmasının zona mərhələsində I yeri 9-cu atıcı bölüyün, II yeri 2-ci atıcı bölüyün, III yeri 3-cü atıcı bölüyün əsgərlərdən ibarət komandası, şahmat üzrə turnirin zona mərhələsində I yeri 9-cu atıcı bölüyün əsgəri Nəsirov Lətif, II yeri 3-cü atıcı bölüyün əsgəri Əlizadə Ramil, III yeri 2-ci atıcı bölüyün əsgəri Səlimzadə Tusi, dama üzrə turnirin zona mərhələsində I yeri 2-ci atıcı bölüyün əsgəri Ağazadə Orxan, II yeri 18-ci atıcı bölüyün əsgəri Rəcəbli Rahid, III yeri 9-cu atıcı bölüyün əsgəri Məmmədov Orxan tutmuşlar.
Yarışların sonunda Mühafizə alayının Tərbiyə işləri üzrə komandir müavini, ədliyyə polkovnik – leytenantı Əfqan Nəbiyev dövlətimiz tərəfindən əsgərlərə göstərilən qayğının daim artırılmasını, həmçinin onların asudə vaxtlarının səmərəli keçirilməsi üçün bu tipli tədbirlərin təşkil olunmasını yüksək qiymətləndirərək şəxsi heyət adından təşkilatçılara təşəkkürünü bildirmişdir.
Sonda qaliblər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlarla təltif olunmuşlar.