Bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi Bədii gimnastika üzrə 6-cı Bölgələrarası Kubok Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı

             Bədii gimnastika üzrə Dünya Çempionatından qısa bir müddət sonra Milli Gimnastika Arenası bu növ üzrə yerli yarışlara ev sahibliyi edəcək.

          Bu dəfə bədii gimnastika təmsilçilərinə aerobika gimnastları da qoşulacaqlar. Belə ki, 10-13 oktyabr tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 26-cı Azərbaycan və Bakı Birinciliyi, 6-cı Bölgələrarası Kubok və aerobika gimnastikası üzrə 5-ci Azərbaycan Birinciliyi və Bakı Çempionatı təşkil olunacaq.

              4 günlük yerli turnirə ilk olaraq bədii gimnastlar start verəcək. İştirakçılar yarışlar ərzində “gənclər”, “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş qruplarında medallar uğrunda mübarizə aparacaqlar.

              Aerobika gimnastları isə “böyüklər”, “gənclər”,  “yeniyetmələr”, “uşaqlar” və “balacalar” yaş kateqoriyasında yer alaraq, fərdi, qarışıq cütlük, üçlük və qrup proqramında çıxış edəcəklər.

                Gimnastikanın hər iki növü üzrə yarışlarda Bakı şəhəri və bölgələr üzrə ümumilikdə 200-dən çox idmançının iştirakı gözlənilir.

                Bakı şəhəri üzrə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “AyUlduz”, “Gymkids” Klublarının, “Zirvə International”, Zabrat İdman Klublarının, Respublika Kompleks İdman Məktəbinin, Şağan Olimpiya İdman Kompleksinin, eləcə də Sumqayıt, Gəncə, Mingəçevir, Ağdaş, İsmayıllı, Göyçay, Zaqatala, Kürdəmir, Qusar, Şirvan və Masallı təmsilçiləri birincilik uğrunda yarışacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir