“Mənim bayrağım” mövzusunda inşa-yazı və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Bu gün Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Gəncliyə Yardım Fondunun birgə təşkilatçılığı ilə 9 noyabr – Dövlət Bayrağı Günü münasibətilə konfrans keçirilib. Konfrans çərçivəsində Bakının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında keçirilən “Mənim bayrağım” mövzusunda inşa-yazı və şeir müsabiqələrinin qalibləri mükafatlandırılıb.
Tədbirdə Azərbaycanın və Türkiyənin dövlət himnləri səsləndirilib.
Baş İdarənin rəisi Raqif Abbasov çıxış edərək Azərbaycanın dövlət bayrağının tarixindən danışıb. Bildirib ki, üçrəngli bayrağımız ilk dəfə 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən təsis olunub. Sovet hakimiyyəti illərində bayraq dəyişdirilsə də, XX əsrin sonunda ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə üçrəngli bayrağımız yenidən əsas bayraq kimi bərpa olunub. Bayraq ən böyük mənəvi dəyər, müstəqilliyimizin, azərbaycançılığın rəmzidir. Bu gün ölkəmizin hər yerində bayraq meydanlarının və muzeylərinin yaradılması xalqımızın öz bayrağına tükənməz məhəbbətinin göstəricisidir.
Dövlət Bayrağı Günü münasibətilə keçirilən müsabiqələr barədə məlumat verən R.Abbasov diqqətə çatdırıb ki, məqsəd Azərbaycan xalqının çoxəsrlik dövlətçilik ənənələrinin davam etdirilməsinə, yeniyetmə və gənclər arasında dövlət atributlarının təbliğinə nail olmaqdır. Bundan başqa, istedadlı gənclərin şeir və inşa yazısı sahəsində bacarıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılması da əsas məqsədlərdən biridir. Məktəblilərin bu mövzuya həvəs göstərməsi və yüzlərlə şagirdin müsabiqəyə qatılması Azərbaycanda yüksək mənəvi keyfiyyətlərə malik olan vətənpərvər gəncliyin yetişdiyini göstərir.
Gəncliyə Yardım Fondunun prezidenti Ahmed Tecim, Türkiyənin İbn Haldun Universitetinin idarə heyətinin rəhbəri, professor İrfan Gündüz, professor Ender Doğan, Dünya Türk Gəncləri Birliyinin sədri, Yazıçılar Birliyinin üzvü Əkbər Qoşalı və digərləri çıxışlarında Dövlət Bayrağı Günü münasibətilə təbriklərini çatdırıblar. Çıxışlarda qeyd olunub ki, “Bir millət, iki dövlət” olan Azərbaycanın və Türkiyənin dövlət bayraqları qardaş xalqlarımızın sarsılmaz birliyinin rəmzidir. Hər iki qardaş xalqın nümayəndələri sevincli günlərdə də, kədərli anlarda da Azərbaycan və Türkiyə bayraqlarının altında bir araya gələrək, bir-birinə dəstək olublar.
Çıxış edənlər Azərbaycan gəncliyinin milli-mənəvi ruhda tərbiyə olunmasında ulu öndər Heydər Əliyevin və onun siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət gənclər siyasətindən danışıb, ölkəmizdə gənclər üçün yaradılan əlverişli şəraitdən bəhs ediblər.
Sonda Bakının orta ümumtəhsil müəssisələrinin şagirdləri arasında “Mənim bayrağım” mövzusunda keçirilmiş inşa yazı və şeir müsabiqəsinin qalibləri mükafatlandırılıb.