Nardaran qəsəbəsində Bayraq günü münasibəti ilə tədbir keçirilib
Dövlət Bayraq Günü ilə əlaqədar Sabunçu rayonunun Nardaran qəsəbəsində Sabunçu Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Sabunçu rayon Gənclər İdman idarəsinin birgə təşkilatçılığı veloyürüş və kütləvi tədbir keçirilib.
Veloyürüşdən öncə tədbirdə çıxış edənlər bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2009 – cu il noyabrın 17- də Dövlət Bayrağı gününün təsis edilməsi haqqında Sərəncam imzalamışdır. Məhz bu Sərəncama uyğun olaraq noyabrın 9-u ölkəmizdə Dövlət Bayrağı günü kimi təntənə ilə qeyd olunur. Ölkənin əsas atributlarından birinin məhz bayraq olduğunu və bu günün qeyd edilməsinin isə hər bir azərbaycanlı üçün şərəfli olduğunu vurğulayıblar. Tədbirdə habelə bu üç rəngli bayrağın tezliklə işğal altında olan torpaqlarımızda dalğalanacağına inam bildirilib.
Çıxışlardan sonra veloyürüşə start verilib. Yürüşə Azərbaycan Velosiped İdmanı Federasiyasının və Qəsəbənin həvəskar velosipedçiləri də qoşulublar. Start və finiş nöqtəsi Nardaran Mədəniyyət Mərkəzinin qarşısında olan veloyürüş zamanı iştirakçılar qəsəbənin küçələri ilə dövrə vurublar.
Tədbirin təşkilində əsas məqsəd Dövlət Bayrağı Gününü qeyd etməklə yanaşı, sağlam həyat tərzinin təbliği, gənclərin asudə vaxtlarının səmərəli təşkili və velosiped idmanına marağın artırılmasıdır.
Tədbirin sonunda rayonun ictimai həyatında fərqlənən bir sıra şəxslər təltif ediliblər.
Mərasim konsert proqramı ilə başa çatıb.