Bayraq gününə həsr olunmuş voleybol turniri keçirilmişdir
Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə tədbirlər planına müvafiq olaraq Penitensiar xidmətin 12 saylı Cəzaçəkmə Müəssisəsində Bayraq gününə həsr olunmuş voleybol turniri keçirilmişdir.
Yarış başlanmazdan əvvəl 12 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə İşləri üzrə rəis müavini vəzifəsini icra edən, ədliyyə mayoru Aris Şükürov, Penitensiar xidmətin Tərbiyə İşinin Təşkili İdarəsinin inspektorları, ədliyyə baş leytenantı Oqtay Həsənov, ədliyyə leytenantı Emin Quliyev, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və yarışın baş hakimi, Azərbaycan Voleybol Federasiyasının respublika dərəcəli hakimi Fuad Əliyev Cəzaçəkmə Müəssisəsində fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət etmişlər.
Gərgin oyun şəraitində keçən voleybol yarışması məhkumlar tərəfindən maraqla izlənmişdir. Tədbirin rəsmi bağlanış mərasimində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi Salman Əbdülov və 12 saylı Cəzaçəkmə Müəssisəsinin Tərbiyə İşləri üzrə rəis müavini vəzifəsini icra edən, ədliyyə mayoru Aris Şükürov iştirakçıları “9 noyabr – Bayraq günü” münasibətilə təbrik etmiş, öz çıxışlarında keçirilən tədbirlərin məhkumların asudə vaxtlarının səmərəli təşkili, onların vətənpərvərlik ruhunda tərbiyəsi və idmana maraqlarının artırılması sahəsində böyük rol oynadığını vurğulamışlar.
Sonda qalib şəxslər Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə təltif olunmuşlar.