Ağır atletika üzrə XIX açıq Bakı turniri keçirilib

        Milli Qəhrəman Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunmuş ağır atletika üzrə açıq Bakı turniri keçirilmişdir. Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında təşkil olunan mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov çıxış edərək bildirib ki, Fəxrəddin Şahbazovun xatirəsinə həsr olunan yarış artıq 19-cu dəfədir keçirilir. Yarışın yeniyetmə atletlərin gələcəkdə beynəlxalq turnirlər üçün yetişməsində, təcrübə yığmasında mühüm rol oynadığını bildirən R.Abbasov iştirakçılara uğurlar arzulayıb.

           Sonra çıxış edən Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov idmanın bu növünün ölkəmizdə dərin ənənələrə malik olduğunu qeyd edib. O, bu idman növünün ölkəmizdə daha da inkişafı üçün əhatəli konsepsiyanın hazırlandığını deyib.

               Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra yarışlara start verilib.

          Nəticələrə görə 49 kq çəki dərəcəsində Fuad Qədirov, 55 kq çəki dərəcəsində Əvəz Tağıyev, 61 kq çəki dərəcəsində Hüseyn Azayev, 67 kq çəki dərəcəsində Kamil Nəbiyev, 73 kq çəki dərəcəsində Novruz Muxtarlı, 81 kq çəki dərəcəsində Canəli Əsədov, 89 kq çəki dərəcəsində Yaşar Mamayev, 96 kq çəki dərəcəsində Kənan Zamanov, 102 kq çəki dərəcəsində Əli Şükürlü, +102 kq çəki dərəcəsində Rəhman Kazımov I yerlərə layiq görülmüşlər.

BŞGİBİ və AAAF-ın birgə təşkilatçılığı ilə keçirilən turnirdə Bakı, Sumqayıt, Qobustan, Gəncə, Neftçala, Şamaxı, Cəlilabad, Lənkəran və İsmayıllıdan yaşı 17-dək olan 70-ə yaxın atlet 10 çəki dərəcəsində iştirak edib.

          Turnirin keçirilməsində məqsəd Milli Qəhrəman Fəxrəddin Şahbazovun timsalında vətən uğrunda şəhid olmuş soydaşlarımızın xatirəsinin əziz tutulması, onun həyat yolunun və idman fəaliyyətinin böyüməkdə olan yeni nəsil idmançılar və gənclər arasında təbliğ olunması, yerlərdə ağır atletika idman növünün təbliği və inkişaf etdirilməsi, ən güclü idmançıların aşkar olunması, idmançıların ustalıq səviyyəsinin artırılmasıdır.

                       Qeyd edək ki, yarışın qaliblərinə diplom, medal və pul mükafatları təqdim olunub.