Yasamal rayonunda Gənclər gününə həsr olunmuş rayon gənclərinin yekun toplantısı keçirilib

           Yasamal rayon İcra Hakimiyyəti, Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və Yasamal rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Yasamal rayon Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri günü münasibətilə rayon gənclərinin yekun toplantısı keçirilib. Toplantıda Yasamal rayon İcra Hakimiyyətinin Başçısı Elşad Həsənov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, rayon ərazisində fəaliyyət göstərən Azərbaycan Milli Elmlər Akademiyasının bir qrup gənc alimi, ali və orta ixtisas təhsil müəssisələrinin bir qrup tələbələri, idarə, müəssisə və təşkilatlarda çalışan fəal gənclər, siyasi partiyaların, ictimai təşkilatların, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak ediblər.
            Əvvəlcə tədbir iştirakçıları Yasamal rayon Heydər Əliyev Mərkəzinin muzey bölməsində yerləşən Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsini yad edərək gül dəstələri qoyublar.

              Toplantıda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək tədbir iştirakçılarını “Azərbaycan Gəncləri günü” münasibətilə təbrik edib, onlara respublikamızın daha da inkişafı istiqamətində göstərdikləri fəaliyyətlərində yeni-yeni uğurlar arzulayaraq bildirib ki, gənclər də öz növbəsində dövlət qayğısını daim hiss edərək nailiyyətləri ilə onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər. Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətin həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha da işıqlı sabaha aparacaq.
         Daha sonra toplantının proqramına müvafiq olaraq, Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev «Ölkənin ictimai-siyasi həyatında gənclərin rolu» mövzusunda, Bakı Biznes Universitetinin Tələbə Gənclər Təşkilatının sədri Cəbrayıl Qəmbərov «Müasir gənclik və müasir təhsil sistemi» mövzusunda çıxışlar ediblər.
        Toplantıda Yeni Azərbaycan Partiyası Yasamal rayon Təşkilatının Gənclər Birliyinin sədri İlqar Quliyev, “Yüksəliş” İctimai Birliyinin əməkdaşı İlahə Həsənova, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Tələbə Gənclər Təşkilatının sədri İman Sadıqov, Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elm, innovasiya və əməkdaşlıq şöbəsinin elmi işçisi Şahzadə Mədətova rayonun ictimai həyatında fəal iştirak etdiklərinə görə və 2 fevral Azərbaycan Gəncləri günü münasibətilə Yasamal rayon İcra Hakimiyyətinin və Yasamal rayon Gənclər və İdman İdarəsinin fəxri fərmanları ilə təltif ediliblər.
                Sonda xatirə şəkilləri çəkilib.