Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və fəaliyyətini əks etdirən virtual ekskursiya keçirilib

      Ulu Öndər Heydər Əliyevin doğum günü hər il Azərbaycanda böyük təntənə ilə qeyd olunur. Müstəqil Azərbaycanın memarı və qurucusu olan ümummilli liderin ölkəmizin müstəqilliyinin möhkəmləndirilməsi, qorunub saxlanması yolunda yorulmaz fəaliyyətindən bəhs edən silsilə tədbirlər keçirilir.

        Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü ilə bağlı ilk dəfə olaraq Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyatı və fəaliyyətini əks etdirən virtual ekskursiya keçirilib.

           Tədbir Gənclər və İdman Nazirliyinin (GİNtəşəbbüsü və BŞGİBİ-nin təşkilatçılığı ilə baş tutub. Virtual səyahət facebook sosial şəbəkəsində BŞGİBİ-nin eyni adlı “Facebook” səhifəsində canlı yayımla izlənilib.

       Virtual səyahət zamanı izləyicilərə əvvəlcə binanın qeyri-adi, orijinal quruluşu haqqında məlumat verilib. Mərkəzin müasir Bakının rəmzlərindən biri olduğu vurğulanıb və burada Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinin bütün dövrlərini əhatə edən video, fotoarxiv və digər sənədlərin saxlanıldığı qeyd edilib. Bildirilib ki, dahi şəxsiyyət Heydər Əliyevin həyat və fəaliyyətinə dair məlumatlar ən son texnoloji yeniliklər əsasında interaktiv formada təqdim olunub.

        İzləyicilər Ümummilli Liderin həyat yolu, Ulu Öndər barədə maraqlı faktlar və fotolarla, həmçinin, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə – 1969-cu ildən 2003-cü ilədək – xidməti istifadəsində olan avtomobillərlə tanış olublar.

          Qeyd edək ki, layihəyə Bakı şəhər gənclər və idman idarələrinin xətti ilə paytaxt gəncləri, həmçinin, paytaxtda yerləşən gənclər evləri, eləcə də, respublikanın digər şəhər və rayonlarında yerləşən gənclər evləri (Sumqayıt, Balakən, Saatlı, Şirvan, Tovuz, Gəncə, Şəmkir) vasitəsilə də fəal gənclər qoşulublar.

             BŞGİBİ fürsətdən istifadə edərək, bu maraqlı layihənin gerçəkləşməsində göstərdiyi dəstəyə görə Heydər Əliyev Mərkəzinin rəhbərliyinə öz təşəkkürünü bildirib.