İsmayıllıda karate-do üzrə açıq  turnir keçirilib

       Şəhid Xəyyam Daşdəmirovun xatirəsinə həsr olunmuş karate-do üzrə açıq  turnir keçirilib. Yarışda İsmayıllı, Qazax, Ağstafa, Cəlilabad, Sabirabad rayonlarından, Bakı və Sumqayıt şəhərlərindən 200-ə yaxın idmançı öz gücünü sınayıb. Yarışın əsas məqsədi gənclərə vətənpərvərlik ruhunu aşılamaq, şəhidlərimizin xatirəsini yad etmək olub.

      Tədbir Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İsmayıllı Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Karate-Do Akademiyası, rayon Gənclər və İdman İdarəsinin və İsmayıllı Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə baş tutub. Nazirlər Kabineti Operativ Qərargah tərəfindən təstiq olunmuş karantin qaydalarına uyğun keçirilən yarışdan əvvəl hər bir iştirakçı koronavirus testindən keçib. Bütün idmançılar, eləcə də məşqçilər, hakimlər və rəsmilərin hərarəti ölçülüb, xüsusi dezinfeksiyaedici məhlullarla dezinfeksiya olunublar. Yarış tibbi maskadan istifadə və ara məsafəsi gözlənilməklə açıq havada keçirilib.

       Yarışın sonunda komanda hesabı ilə I yerə Sumqayıt, II yerə Bakı, III yerə isə Ağstafa komandası layiq görülüb.

           Xatırladaq ki, Xəyyam Daşdəmirov İsmayıllı rayonunun Balik kəndində anadan olub. O, bu ilin iyul ayında, Tovuz istiqamətində hərbi xidmət zamanı düşmən təxribatının qarşısı alınarkən şəhid olub.