Açıq havada rəsm müsabiqəsi keçirilmişdir

          Nərimanov rayonu, Ü.Bünyadzadə küçəsi, 19-da Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının 5.4.3 yarımbəndinin icra etmək məqsədilə “Azərbaycan təbiətinin gözəllikləri rəssam gözü ilə” devizi altında açıq havada asfalt və molbert üzərində rəsm müsabiqəsi keçirilmişdir.
          Müsabiqəyə başlamazdan əvvəl bütün iştirakçılar bədən hərarəti ölçən xüsusi cihazla yoxlanışdan keçmişdir. Müsabiqə iştirakçılarına pandemiya ilə əlaqədar olaraq Nazirlər Kabineti yanında Operativ Qərargahın sosial izolyasiya qaydaları haqqında və öncədən müəyyən olunmuş qaydalara əməl olunması barədə ətraflı məlumat verilmişdir.
          Mükafatlandırma mərasiminində çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladılar, qalib gəlmiş yeniyetmə və gəncləri təbrik etdilər və qeyd etdilər ki, təbiət insanların sağlamlığı üçün ən önəmli faktorlardandır. Təbiət həyat mənbəyidir. O bizə ilham verir, ruhumuzu oxşayır. Ana təbiət doğma Azərbaycanımızdan öz səxavətini əsirgəməmişdir. Yer üzündəki iqlim qurşaqlarının doqquzuna çox da böyük olmayan respublikamızın ərazisində rast gəlmək mümkündür. Vətənimizin gözəl və zəngin təbiəti hər bir insanı cəlb edir. Bu gözəlliyi qorumaq hər birimizin borcudur.
        Qeyd edək ki, müsabiqədə 27 nəfər həvəskar rəssam iştirak etmişdir. Onlardan molbert üzərində rəsm çəkərək I yeri 57 saylı tam orta məktəbin şagirdi Məmmədova Nəzrin və Məktəb-Lisey Kompleksin şagirdi Məmmədova Əsmər, II yeri S.C.Pişəvəri adına Respublika Humanitar Fənlər Gimnaziyasının şagirdi Baxşəlizadə Zəhra, asfalt üzərində rəsm çəkərək I yeri 47 saylı tam orta məktəbin şagirdi Ayçiçək Tahirəli, II yeri 57 saylı tam orta məktəbin şagirdi Məmmədova Günay, III yeri isə Məktəb-Lisey Kompleksin şagirdi Mikayılova Aliyə tutmuşlar.
          Sonda rəsm müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.