Vətən müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailələri ziyarət edilib
Gənclər və İdman Nazirliyinin tövsiyəsi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə Baş İdarəyə daxil olmuş müraciətlərə əsasən, İsmayıllı rayonunda Vətən müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçilərin ailələri ziyarət edilib.
Tədbir zamanı ailələri ziyarət olunan şəhidlər – Vüsal Dəmirov, Tural Şıxızadə, Orxan Lətifov idmanın cüdo, karate və qol güləşi növü ilə məşğul olub, açıq Bakı və respublika yarışlarının mükafatçıları adını qazanıblar. Şəhid Aqil Mirzəyev Gənclər və İdman Nazirliyi tərəfindən təşkil olunmuş “İstedadların hazırlığı laboratoriyası” layihəsinin yekunlarına görə fəxri fərmanla təltif edilib. Qazilər – Dilqəm Həmidli və Vüqar Novruzov isə idmanın futbol və karate növləri ilə məşğul olub, bir çox yarışlarda uğurla çıxış edərək qalib və mükafatçı olublar.
Görüş zamanı vurğulanıb ki, igid oğullarımız vətənin azadlığı, bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə yüksəliblər. Eyni zamanda, cəsur qazilərimiz ölkəmizin ərazi bütövlüyü yolunda öz sağlamlıqlarından keçiblər. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa dilənib və şəhid ailələrinin, qazilər və Vətən müharibəsinin iştirakçılarının daim diqqətdə olacaqları, onların hər zaman dövlətimizin qayğısını hiss edəcəkləri bildirilib.
Şəhid və qazi ailələrinin ziyarət tədbirinə İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Bakı Karate-Do Akademiyasının kollektivi və bir qrup fəal vətənpərvər qoşulublar. Tədbir zamanı şəhid və qazi ailələrinə ərzaq sovqatları təqdim edilib, mənəvi dəstək göstərilib.
Bakı Şəhər Gənclər və Baş İdarəsi bu kimi tədbirlərin ilboyu davamlı şəkildə keçirilməsi planlaşdırılır.