“20 yanvar- şəhidlik zirvəsi” mövzusunda onlayn konfrans

           19 yanvar 2021-ci il tarixdə Gənclər və İdman Nazirliyi tərəfindən 20 yanvar faciəsinin otuz birinci ildönümünə həsr olunmuş “20 yanvar-Şəhidlik zirvəsi” mövzusunda onlayn konfrans təşkil edildi. Konfransda nazir müavini İntiqam Babayev, millət vəkilləri, yerli gənclər və idman idarələrinin rəisləri, Gənclər evləri və təşkilatların nümayəndələri, qazilər, tələbələr, fəal gənclər olmaqla, ümumilikdə 500 nəfər gənc iştirak edirdi.

         Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Dövlət Himni səsləndirildi. Nazir müavini İntiqam Babayev tədbirin məqsədi və əhəmiyyətindən, tarixi faktlardan, gənclərin vətənpərvərlik tərbiyəsindən, Ulu Öndər Heydər Əliyevin hadisələrə siyasi-hüquqi qiymət verməsindən, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında 44 günlük vətən müharibəsindəki qələbədə gənclərin qəhrəmanlığından, ölkəmizdə şəhid ailələrinə göstərilən qayğıdan, onların sosial müdafiəsi sahəsində həyata keçirilən siyasətdən və qarşıda duran mühüm vəzifələrdən ətraflı danışdı. Bildirildi ki, hadisələrin səhəri Ulu Öndər Heydər Əliyevin Moskva şəhərində Azərbaycanın diplomatik nümayəndəliyinə gələrək bütün günahkarları qətiyyətlə pisləməsi əslində Heydər Əliyev şəxsiyyətinin Vətən və xalq sevgisi, böyük vətənpərvərlik nümunəsi idi. Daha sonra Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin  sektor müdiri İrfan Davudov çıxış edərək, 20 yanvar hadisələrinin gənclərin vətəndaşlıq tərbiyəsindəki rolunu və bu sahədə fəaliyyət göstərən təşkilatların qarşıdakı dövr ərzində əsas vəzifələrini, tarixi hadisələrin mahiyyətini olduğu kimi gənclər arasında təbliğ edilməsi vacibliyini qeyd etdi. Millət vəkili, Milli Məclisin Gənclər və İdman Komitəsinin sədr müavini Şahin  İsmayılov çıxış edərək 31 il əvvəl  imperiya qüvvələrinin amansızcasına xalqımıza qarşı törətdiyi faciənin səbəb və nəticələrinin dünya ictimaiyyətinin diqqətinə çatdırılması vacibliyini, xüsusilə də gənclərin dövlətçilik və azərbaycançılıq ideyalarına, milli-mənəvi dəyərlərimizə sadiqliyini qeyd etdi. Naxçıvan Muxtar Respublikası Gənclər və idman nazirinin müavini Mirməcid Seyidov isə çıxış edərək Naxçıvan Muxtar Respublikasında şəhidlərin əziz xatirəsinin uca tutulması, anılması üçün bütün lazımi tədbirlərin həyata keçirildiyini qeyd etdi, gənclərin tarixi prosesləri dərindən öyrənmələri üçün məqsədyönlü iş aparldığını vurğuladı. Daha sonra çıxış edənlər – Bakı şəhər Gənclər və İdman Baş idarəsinin rəisi Raqif Abbasov, Qarabağ qazisi, ehtiyatda olan zabit, kapitan Anar Məmmədov, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şürasının sədri Azər Əliyev və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli öz çıxışlarında 31 il əvvəl xalqımıza qarşı törədilmiş faciəni, qanlı cinayət əməllərini qətiyyətlə pislədilər və qeyd edildi ki, 20 yanvar hadisələrində azadlıq uğrunda, canlarından keçərək Şəhidlik zirvəsinə ucalan vətən övladlarının mübarizliyi həm də Azərbaycan xalqının tarixində qəhrəmanlıq salnaməsidir.