Şəhid leytenant Yaqub Nəcəfovun xatirəsinə həsr olunan onlayn şahmat yarışı keçirilib

     Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Culfa Rayon bölməsi, Culfa Rayon Gənclər və İdman İdarəsi, Culfa Rayon Uşaq Gənclər Şahmat Məktəbi və “İDEA” şahmat klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “VƏTƏN UĞRUNDA”, “CƏSUR DÖYÜŞÇÜ” və “ŞUŞANIN AZAD OLUNMASI” medalları ilə təltif olunmuş leytenant Yaqub Nəcəfovun xatirəsinə həsr olunmuş onlayn şahmat turniri keçirildi.

       Turnir başlamazdan əvvəl keçirilən açılış mərasimində əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

        Daha sonra Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mətbuat Xidmətinin rəisi palkovnik-leytenant Anar Eyvazov, Naxçıvan Muxtar Respublikası Şahmat Federasiyası Culfa Rayon bölməsinin sədri Mehdixan Əliyev, Culfa Rayon İcra Hakimiyyəti Başçısı Aparatının “Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili” şöbəsinin müdiri Ruslan Cəfərov,şəhidin atası Məhəmməd Nəcəfov, şəhidin qardaşları qazi İbrahim Nəcəfov və onun əkiz qardaşı hərbi qulluqçu İsmayıl Nəcəfov və yarışın baş hakimi Fidan Talıbova çıxış etdilər.

      Çıxış edənlər 44 günlük Vətən müharibəsi ərəfəsində Ali Baş Komandan, hörmətli Prezidentimiz Cənab İlham Əliyevin qətiyyətli mövqeyi, xalq-ordu birliyindən, qələbəyə gedən yollardan danışdılar. Bu xalq ruhən qalibdir və zəfər onun haqqıdır. Şəhidimizin atası Məhəmməd Nəcəfov şəhid ailələrinə qazilərə və hərbçilərə göstərilən diqqət və qayğıya görə tədbir iştirakçılarına və təşkilatçılara öz minnətdarlığını bildirdi.

     Turnirin təşkil olunmasının əsas məqsədi şəhidlərimizin daim xatırlanması,onların nümunəsində yeni nəsilə vətənpərvərlik hissi aşılanmasıdır.

       Yarış Lichess.org internet platforması üzərindən 98 şahmatçının iştirakı ilə 9 turdan ibarət keçirilmişdir. Yarışın    nəticələrinə əsasən Kamil  Rzayev birinci, Rəsul  Tarverdiyev yarışı ikinci, Mətləb Bədəlov isə üçüncü pillədə başa vurublar. Qızların yarışında Aytac Məmmədova bütün rəqiblərini qabaqlayaraq  birinci olub. Aytac  Kərimli gümüş, Şəms Fərzəli isə bürünc medala sahib olublar.