“Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihə çərçivəsində tədbir keçirilib

      Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) rəisi Raqif Abbasov, Gənclər və idman nazirinin müşaviri İsrafil Cəfərov, Bakı Gənclər Mərkəzinin direktoru Nərgiz Babayeva, Binəqədi Gənclər Evinin direktoru Ələkbər Mustafayev, Sabunçu Gənclər Evinin direktoru Samir Mehralıyev, Xəzər Gənclər Evinin direktoru İnara Eyyubova, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova və Qaradağ Gənclər Evinin direktoru Natiq İmanov iştirak ediblər.
      Tədbirlə bağlı jurnalistlərə müsahibə verən Raqif Abbasov deyib ki, Prezident İlham Əliyev tərəfindən dahi şairimiz Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar və 2021-ci ilin “Nizami Gəncəvi İli” elan olunması ilə bağlı sərəncamlar imzalanıb. Bu münasibətlə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulub. Belə tədbirlərdən biri də Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “Gənclər evi” sosial xidmət müəssisələrinin birgə təşkilatçılığı ilə keçirilən “Dahi şairimiz Nizami Gəncəvinin irsini öyrənirik” adlı layihədir. Layihə çərçivəsində tədbirin aparıcısı və altı fəal gənc “Nizami” metrostansiyası, Nizami Beynəlxalq Mərkəzi, Nizami Kino Mərkəzi, Nizami küçəsi, Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi və Nizami heykəli haqqında maarifləndirici məlumatlar verib. Tədbir Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin feysbuk səhifəsindən canlı yayımlanıb. Start nöqtəsindən finişədək olan məsafəboyu canlı yayım zamanı müsabiqə elan olunub. Müsabiqədə fəal iştirak edən və suallara düzgün cavab verən iştirakçılar Baş İdarə tərəfindən mükafatlandırılıblar.
        Qeyd edək ki, Qaradağ Gənclər Evinin nümayəndəsi Sahil Hüseynzadə “Nizami” metrostansiyası, Binəqədi Gənclər Evinin nümayəndəsi Fərəh Quliyeva Nizami Beynəlxalq Mərkəzi, Xəzər Gənclər Evinin nümayəndəsi Ümid Həsənli Nizami Kino Mərkəzi, Suraxanı Gənclər Evinin nümayəndəsi Səbinə Əliyeva Nizami küçəsi, Sabunçu Gənclər Evinin nümayəndəsi Aytən Kələşova Nizami Gəncəvi adına Ədəbiyyat Muzeyi, Bakı Gənclər Mərkəzinin nümayəndəsi Mirlazım Dadaşov Nizami heykəli haqqında geniş məlumat veriblər.
          Tədbirin məqsədi yeniyetmə və gənclərimizə xalqın milli ənənələrinə hörmət edən, vətənpərvərlik və azərbaycançılıq ideyalarına sadiq olan, milli-mənəvi və ümumbəşəri dəyərləri qoruyan vətəndaş və şəxsiyyətlərin formalaşdırılmasının mühüm vasitələrindən biri Azərbaycanın zəngin tarixini, o cümlədən mədəniyyət tarixini dərindən öyrənmək və öyrətməkdir. Ümummilli lider Heydər Əliyevin bu baxımdan söylədiyi sözlərdə böyük elmi həqiqət vardır: “Milli dəyərlərimizi, ənənələrimizi yaxşı bilməyən, tariximizi yaxşı bilməyən gənc vətənpərvər ola bilməz”.