Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin qalibləri mükafatlandırıldı

              Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Vətən Müharibəsi şəhidi, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun və Vətən Müharibəsi şəhidi “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş polkovnik-leytenanat Ruslan Tağıyevin xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin qalibləri mükafatlandırıldı.
           Mükafatlandırma mərasiminində şəhid Murad Məmmədovun atası İlham Məmmədov, şəhid polkovnik-leytenant Ruslan Tağıyevin həyat yoldaşı Günay Tağıyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Ağ Top” Şahmat Klubun direktoru Cavanşir Bağırov, “İDEA” Şahmat Klubunun direktoru Fidan Talıbova, qalib şahmatçılar iştirak etmişlər.
            Tədbirdə çıxış edən natiqlər qeyd etmişlər ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin elan etdiyi “Qarabağ Azərbaycandır və nida” şüarı xalqımızın müqəddəs vətən torpağı uğrunda savaşının ideya qayəsi, qələbəyə səsləyən rəhbər çağırışı oldu. 44 gün davam edən müharibədə cəmiyyətimizin nümayiş etdirdiyi möhtəşəm səfərbərlik xalqımızın dövlət başçısının ətrafinda sıx birləşməsinin bariz ifadəsi olmaqla yanaşı, eyni zamanda yeni və qüdrətli Azərbaycanın bütün dünyada özünütəsdiqi kimi qəbul edildi. Vətən müharibəsi insanların illər boyu vərdiş etdikləri həyat fəlsəfəsini dəyişdi, yeni bir təfəkkür hadisəsini – qalibiyyət fəlsəfəsini doğurdu, ordu və bayraq sevgisini həmişəlik könüllərə və zehinlərə yerləşdirdi, hər kəsə yeni həyat gücü və enerjisi bəxş etdi. İndi elə bir vətəndaşımız tapılmaz ki, ən qısa zamanda mənfur düşməndən azad edilmiş müqəddəs torpaqlarımızı ziyarət etmək arzusunda olmasın. Şəhid olmuş qəhrəman oğullarımızı illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə yad edəcəklər. Hər birimizin vətəndaşlıq borcudur ki, şəhidlikləri ilə bizə qələbə sevinci yaşadan bu igid, qəhrəman oğullarımızı daim qəlbimizdə yaşadaq.
               Qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırılıb.
            Qeyd edək ki, 12 aprel 2021-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Ağ Top” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi, idmançı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Murad Məmmədovun və 16 aprel 2021-ci il tarixdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin və “İDEA” Şahmat Klubunun birgə təşkilatçılığı ilə Vətən Müharibəsi şəhidi “Vətən uğrunda”, “İgidliyə görə”, “Laçının azad olunmasına görə” medalları ilə təltif olunmuş polkovnik-leytenanat Ruslan Tağıyevinxatirəsinə həsr edilmiş onlayn şahmat turnirin açılış mərasimi və onlayn şahmat turniri keçirilmişdir.