Şəhid İlkin Məmmədzadənin xatirəsinə beynəlxalq turnirin mükafatlandırma mərasimi olub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsində Vətən müharibəsi şəhidi, “Vətən uğrunda” medalı ilə təltif olunmuş baş leytenant İlkin Məmmədzadənin xatirəsinə onlayn şahmat üzrə Beynəlxalq Zəfər Kuboku qaliblərinin mükafatlandırlma mərasimi keçirilib.
Tədbirdə çıxış edən Baş İdarənin rəisi Raqif Abbasov yarışın keçirilmə prosesindən və şəhidin həyat yolundan, nailiyyətlərindən danışıb: “Bu yarış təkcə ölkənin daxilində deyil, həm də beynəlxalq status daşıdı. Yarışda bir neçə digər ölkənin şahmatçıları da iştirak etdi. Zəfər Kuboku İsveçrə sistemi üzrə, müxtəlif yaş qrupları arasında pandemiyanın şərtlərinə uyğun olaraq onlayn formada keçirildi. Biz Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi olaraq, “İDEA” şahmat klubu, digər şahmat klubları və idman jurnalistlərimizlə birgə bu layihələri davamlı keçirəcəyik. Bütün belə yarışların qalibləri Zəfər günümüz olan noyabrın 8-də yekun turnirə qatılacaqlar”.
Oğlu İlkin Məmmədzadə və 44 günlük vətən müharibəsi iştirakçıları ilə qürur duyduğunu bildirən şəhidin anası Fatma Məmmədova tədbir təşkilatçılarına və bütün iştirakçılara təşəkkürünü bildirib:
“Mən oğlumla fəxr edirəm. Oğullar Vətənə qurban doğulur. Oğlum 28 yaşında şəhid olsa da, bir çox gözəl xüsusiyyətləri özündə birləşdirməyi bacardı. Mən İlkinin anası olaraq, bütün şəhidlərimiz qarşısında baş əyirəm. Allah onlara rəhmət etsin”
İlkin Məmmədzadə ilə bağlı xatirələrini bölüşən telejurnalist DJ Fateh isə onun yoxluğunu ağır itki hesab etdiyini söyləyib: “İlkin “Breyn Rinq”in aktiv iştirakçılarından biri idi. Hamımız üçün ağır itki oldu. Mənim indi mükafatlanan iştirakçılardan və onların valideynlərindən bir xahişim var. Bu medalları evlərinin ən uca yerində saxlasınlar və qorusunlar. Mən arzu edirəm ki, sinənizə taxdığınız bu medallar gələcək həyatınızı da işıqlandırsın. Bu, ürəklə xatırlanacaq tarixdir və mən əməyi keçən hər kəsə təşəkkür edirəm”
“Breyn Rinq” üzrə komanda yoldaşı Müsəllim İsgəndərov da şəhid İlkin Məmmədzadədən danışıb:
”Qalibləri ürəkdən təbrik edirəm və onlara uğurlar arzulayıram. İlkin haqqında isə saatlarla danışmaq olar. Həm savadından, həm də vətənpərvərliyindən. Vətənə olan sevgisindən isə sadəcə, bir şey demək olar. O, ali təhsil almasına baxmayaraq, hərb sahəsini seçir və vətən uğrunda canından keçir. Allah ona və bütün şəhidlərə rəhmət eləsin”.
Tədbirdə çıxış edən şəhidin qohumu, “Report” İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov, bütün təşkilatçılara və qonaqlara vaxt ayırıb tədbirdə iştirak etdiklərinə görə təşəkkür edib, O, İlkin Məmmədzadə ilə qürur duyduğunu söyləyib:
“İlkin kimi zabitimizin olmasına görə fəxr edirəm. İlkin həm intelektual, həm də çox vicdanlı bir vətəndaş idi. O, daim istənilən sahədə vicdanla çalışırdı, oxuyanda da, çalışanda da, yaşayanda da, zabit kimi döyüşəndə də… Allah bütün şəhidlərimizə rəhmət etsin. Onların sayəsindədir ki, biz bu gün rahat tədbirlərdə toplaşır, rahat yaşayırıq”.
Azərbaycan İdman Jurnalistləri Federasiyasının İdarə Heyətinin üzvü, “Report”un İdman departamentinin redaktoru Elşən Məmmədov isə şəhidin xatirə turnirində təqdim olunan mükafatın önəminə diqqət çəkib:
“Bu yaxınlarda Vətən müharibəsi iştirakçısı, sərbəst güləş üzrə, Avropa və dünya çempionatlarının mükafatçısı Əfqan Xaşalovla söhbət zamanı ona belə bir sual ünvanladım. “Sizin üçün hansı medal daha üstündür: beynəlxalq yarışlarda qazandıqlarınız, yoxsa müharibədə iştirakınıza görə qazandıqlarınız? O, cavabında isə “Əlbəttə, Vətən müharibəsi qaliblərinə həsr edilən mükafatlar. Siz də yeniyetmə şahmatçılarsız, şübhə etmirəm ki, gələcəkdə ölkəmizi layiqincə təmsil edəcək və yüksək naliyyətlərə imza atacaqsınız. Amma, bu gün qazandığız medal, kubok və diplomların dəyəri fərqli olacaq. Çünki bu mükafatlar torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canından, qanından keçmiş şəhidimizi adını daşıyır”.
Baş hakim Fidan Talıbova turnirin 120 iştirakçısı arasında Türkiyənin və Gürcüstanın 2, Rusiya və İranın 1 şahmatçısının da yer aldığını diqqətə çatdırıb.
Sonda isə Zəfər Kubokunda oğlanların mübarizəsində qalib Paşam Əlizadə, ikinci yerin sahibi Rəvan Uğurov və üçüncü yeri tutmuş Yunis Mahmudzadə, qızlardan isə müvafiq olaraq, Röya Çantayeva, Aytac Məmmədova və Şəms Fərzəli Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən mükafatlandırılıb. Onlara medallar və fəxri diplomlar təqdim olunub. Əlavə olaraq, birinci yerin sahibləri Paşam Əlizadə və Röya Çantayeva kubokla da mükafatlandırılıb.