Əhməd Cavadın xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib
Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə görkəmli şair, publisist, tərcüməçi, professor Əhməd Cavadın doğum gününə həsr olunmuş onlayn şahmat turnirinin qaliblərinin mükafatlandırma mərasimi keçirilmişdir.
Tədbirdə Baş İdarənin rəisi Raqif Abbasov, Əhməd Cavadın nəticəsi Cavad Axundzadə, Gəncliyə Yardım Fondunun ictimaiyyətlə əlaqədar şöbəsinin müdiri Eldar Kərimov, “İDEA” Şahmat Klubunun direktoru, turnirin baş hakimi Fidan Talıbova və qalib şahmatçılar iştirak etmişlər.
İlk öncə tədbir musiqisi bəstəkar Üzeyir Hacıbəyov və sözləri şair Əhməd Cavad tərəfindən tərtib edilmiş Azərbaycan Dövlət himni ilə başlanılıb.
Tədbirdə çıxış edən Əhməd Cavadın nəticəsi Cavad Axundzadə onlayn şahmat turnirinin Əhməd Cavadın xatirəsinə həsr edildiyinə görə məmnunluğunu ifadə edib.
“Tariximizin dahiləri” kitabının müəllifi Qoşqar Abbas şairin ömür yolundan, yaradıcılığından danışıb. O, kitablarını qalib şahmatçılara hədiyyə edib.
Qaliblər karantin rejiminin qaydalarına riayət olunmaqla mükafatlandırılıb. Şahmat turnirində ümumi hesabda Ədalət Umudov, Şəms Fərzəli birinci yeri tutublar. Allahverdi Həmidov II yeri, Ayan Allahverdili III yeri yutublar.