Binəqədi rayonunda yaşayan qazilərimizlə görüş keçirildi

         Bakı şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) Vətən müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşləri davam etdirir.

       Görüşlər Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası (AƏAQF), İcra Hakimiyyətlərinin Qazi və Vətən Müharibəsi iştirakçıları ilə iş şöbələrinin birgə təşkilatçılığı ilə gerçəkləşir.

       Görüş zamanı onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi nəzərdə tutulan qılıncoynatma üzrə “Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub.

      Binəqədi rayonundakı son tədbirə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Səməndər Mənəfov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının vitse prezidenti Məryəm Məlikova və digər şəxslər qatılıb.

     Qazilər göstərilən diqqətə görə dövlətə və xalqa minnətdarlıq edərək, hər an Vətənin ərazi bütövlüyü, suverenliyi uğrunda döyüşməyə hazır olduqlarını, xalqın diqqətini və sayğısını həmişə hiss etdiklərini və bundan şərəf duyduqlarını söyləyiblər.

      Daha əvvəl Xəzər, Suraxanı, Xətai, Sabunçu rayonunda Vətən Müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib.

      Bildirilib ki, 44 günlük Vətən Müharibəsində xalqa qələbə sevincini yaşadan bütün qazilər BŞGİBİ ilə əlaqə yaradaraq arzu və istəklərini, o cümlədən, problemlərini dilə gətirə bilərlər.

         Bu layihələr respublikanın bütün hüdudlarını davamlı əhatə edəcək. İlkin olaraq, Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi planlaşdırılır.