Şəhid Muxtar Qasımlının xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib

           Vətən Müharibəsində qəhrəmancasına şəhid olmuş, “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Muxtar Qasımlının xatirəsinə həsr olunmuş onlayn şahmat turnirinin açılış mərasimi keçirilib.
          Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildikdən sonra çıxışlar başlanıb. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik-leytenant Anar Eyvazov, Suraxanı rayon Gənclər və İdman İdarəsinin rəisi Amil Bağırov, Suraxanı rayon İcra Hakimiyyəti başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş şöbəsinin müdiri Elmar Hüseynov, Muxtar Qasımlının qardaşı Kənan Qasımlı, yarışın baş hakimi Fidan Talıbova Ordumuzun rəşadətli qələbələrindən, şəhidlərin qəhrəmanlıqlarından, Muxtar Qasımlının döyüş yolundan, tirnirin əhəmiyyətindən danışıblar.
         Tədbirdə poverliftinq üzrə əməkdar idman ustası, dəfələrlə Dünya və Avropa çempionu Vüqar Namazov, poverliftinq üzrə dünya və avropa çempionu və rekordçusu, idman ustası, stronqmen idman növü üzrə dəfələrlə respublika çempionu Rövşən Xəlilov, Azərbaycan çempionu, dünya mükafatçısı Elmin Niftəliyev də iştirak ediblər.
             Azərbaycan Ordusnun baş leytenantı Muxtar Qasımlı fitnes üzrə Azərbaycan çempionudur. O, 23 fevral 1993-cü ildə Bakı şəhərində dünyaya gəlib. 2 oktyabr 2020-ci ildə Füzuli rayonunda Alxanlı istiqamətində qəhrəmancasına şəhid olub. Prezident İlham Əliyevin sərəncamları ilə “Vətən uğrunda” və “Füzulinin azad olunması uğrunda” medalları ilə (ölümündən sonra) təltif olunub. Qala qəsəbəsində torpağa tapşırılıb.