“Hər şəhid bir çinardır” mövzusunda yazı müsabiqəsinin qalibləri mükafatlandırılıb

                Bu gün Odlar Yurdu universitetində Vətən Müharibəsi şəhidlərinin adını əbədiləşdirmək məqsədi ilə Bakı məktəbliləri arasında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Nərimanov rayon İcra Hakimiyyəti, Gəncliyə Yardım Fondu, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi və Dünya Gənc Türk Yazarlar Birliyin təşkilatçılığı ilə həyata keçirilən “Hər Şəhid Bir Çinardır” adlı yazı müsabiqəsinin mükafatlandırma mərasimi keçirilmişdir.
               Tədbirdə qazilər, şəhid ailələrinin üzvləri, şəhid övladları, Türkiyə Respublikasının səfirliyi, Müdafiə Nazirliyi, icra hakimiyyəti rəsmiləri, rektorlar, xalq və əməkdar artistlər və KİV nümayəndələri iştirak etmişlər.

              Gəncliyə Yardım ‎Fondunun prezidenti Ahmet Tecim çıxış edərək bildirib ki, Azərbaycan uzun illər davam edən işğala Vətə n müharibəsində şanlı Zəfər qazanaraq son qoydu. Təəssüf ki, Ermənistan çirkin əməllərindən hələ də əl çəkmir: “Bu gün də azərbaycanlıların tarixi torpaqlarında ermənilər tərəfindən qətlə yetirilməsi faktları ilə qarşılaşırıq. Xüsusilə, son iki yüz ildə xainlik edərək və vəhşiliklər törədərək türk millətinə böyük zərbələr vuran ermənilərə dəstək verən, etnik təmizləmə və soyqırımı törədən bu hərbi-siyasi rejimi dəstəkləyən ölkələri şiddətlə qınayıram. Erməni vandallığı səbəbindən şəhid olan azərbaycanlı jurnalistlərə Allahdan rəhmət, yaxınlarına isə səbir diləyirəm”. 

            Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov bildirib ki, İkinci Qarabağ müharibəsində məğlub olmasını və uzun illər işğal altında saxladığı torpaqların Azərbaycanın qəhrəman Ordusu tərəfindən geri qaytarılmasını həzm edə bilməyən Ermənistan hakimiyyəti dünyada bənzəri olmayan daha bir cinayətə əl ataraq ərazilərə müxtəlif növ minalar yerləşdirib. Bütün bunlarla yanaşı, minalanmış ərazilərin xəritələrini Qarabağın əsl sahibi olan Azərbaycana verməməkdə israr edən Ermənistan bununla növbəti dəfə dünya ictimaiyyətinin gözü qarşısında həm müharibə cinayəti, həm də insanlıq əleyhinə cinayət törədir. Ermənistanın Azərbaycan ərazilərində məqsədli şəkildə və geniş miqyasda minalar basdırmasını pisləyir, erməni terrorçularını sülhə və əmin-amanlığa səsləyirik.

         Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Nihat Büyükbaş, Müdafiə Nazirliyinin mətbuat xidmətinin mətbuat katibi polkovnik-leytenant Anar Eyvazov, Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım və şəhid polkovnik Raquf Orucovun həyat yoldaşı Sevinc xanım çıxışlarında 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq şanlı Zəfər qazanan Azərbaycan Ordusunun əsl qəhrəmanlıq salnaməsi yazdığını bildiriblər. Qeyd olunub ki, tarixən döyüş meydanında məğlub olan ermənilər xain xislətlərinə uyğun olaraq çirkin təxribatlara başlayıblar. Müharibənin qurtarmasından yeddi ay keçməsinə baxmayaraq, Ermənistan minalanmış ərazilərin xəritəsini təqdim etməkdən boyun qaçırır. Nəticədə müharibədən sonra Azərbaycanın 27 vətəndaşı minalardan həlak olub, 100-dən çox adam yaralanıb.

           Çıxışlarda bildirilib ki, Azərbaycan xalqının Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük tarixi Qələbə qazanması hamımıza sonsuz sevinc və qürur hissi yaşadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük siyasi iradəsi, müdrik rəhbərliyi, sərkərdəlik məharəti, qətiyyətli diplomatiyası sayəsində rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində Qələbə qazandı. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü məhz bu böyük Qələbə sayəsində bərpa edildi.

            Yazı müsabiqəsində Bakı şəhərində təhsil alan 9-11 sinif şagirdləri iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq şəhidin qəhrəmanlığı, cəsurluğu, vətənpərvərliyi, nümunəviliyi kimi xüsusiyyətlər canlandırılmalı və seçilən qəhrəman Qarabağ müharibəsində şəhid olanlardan biri olmalıdır. Müsabiqə üçün 428 yazı təqdim edilib, ilk mərhələdə hər fərdin bir işi nəzərə alındıqda yekun yazı sayı 350 olub. İlk mərhələdəki qiymətləndirmədən 350 yazı arasından 50 yazı seçilib və tanınmış filoloq və ədəbiyyatçılardan ibarət olan münsiflər heyəti tərəfindən 20 yazı qalib olaraq qiymətləndirilib. Müsabiəqədə 1 nəfər I yer, 2 nəfər II yer, 3 nəfər III yerə layiq görülüb, 14 nəfər isə fərqlənmiş olaraq qiymətləndirilib. Müsabiqədə paytaxtın 9 rayonunu təmsil edən 20 tədris ocağı mükafatçılar sırasına düşmüşdür.
              Qeyd edək ki, müsabiqənin məqsədi gənclərdə vətənpərvərlik hisslərini gücləndirmək və “aprel döyüşlərin”dəki şəhidlərimiz başda olmaqla Qarabağ döyüşlərində şəhid olan bütün vətən övladlarını hafizələrərə əbədi həkk etməkdir.
             Tədbirdə şəhid general, Milli Qəhrəman Polad Həşimovun anası Səmayə xanım, Murov qartalı şəhidi polkovnik Raquf Orucovun həyat yoldaşı fəxri qonaq qismində iştirak etmişlər. Tədbirin sonunda onlar şəhid övladlarına təşkilatçılar tərəfindən hazırlanmış hədiyyələri təqdim etmişlər.
              Müsabiqədə yer tutan iştirakçılara  isə təşkilatçılar tərəfindən diplom və qiymətli hədiyyələr təqdim edilmişdir.