Şəhidlərin xatirəsinə həsr olunmuş açıq havada şahmat turniri keçirilmişdir

        Bu gün  Bakı şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Məktəb İdmanları Federasiyası , “İDEA” Şahmat Klubu və 132-134 nömrəli Təhsil Kompleksinin birgə təşkilatçılığı ilə həmin məktəbin məzunları olmuş Vətən Müharibəsi şəhidləri Nicat Tarverdiyev, Yusif Budaqov, Fərid Əliyevin xatirəsinə həsr olunmuş açıq havada şahmat turniri keçirilmişdir.

          Turnirdə şəhidlərin ailə üzvləri, yaxınları, döyüş yoldaşları, sinif rəhbərləri və müəllimləri iştirak etmişlər.

        Turnirin açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarənin rəisi Raqif Abbasov 44 günlük Vətən Müharibəsi və Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuzun şücaəti haqqında danışmış, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarənin şəhidlərimizin əziz xatirəsinə həsr olunan silsilə tədbirlərin və yarışların davam edəcəyini vurğulamışdır.

    132-134 nömrəli Təhsil Kompleksinin direktoru Sara Xanlarova şəhilər haqqında məlumat vermiş və şəhid olmuş məzunların xatirəsini əbədiləşdirmək məqsədi ilə məktəbdə guşə hazırlandığını bildirmişdir.

       Sonra şəhid Nicat Tarverdiyevin anası Şükran Fərrux qızı, şəhid Yusif Budaqovun yaxını Səadaqət Allahyarova və şəhid Fərid Əliyevin həyat yoldaşı Elnarə Əliyeva çıxış edərək şəhid ailələri adından tədbir təşkilatçılarına və bütün iştirakçılara təşəkkürlərini  bildiriblər.

      Şahmat  turniri  132-134 nömrəli Təhsil Kompleksinin şagirdləri arasında keçirilmiş və müxtəlif yaş qruplarında 35 nəfər şahmatçı mübarizə aparmışdır.  Qeyd edək ki, turnirdə ilk gedişləri şəhid ailələrinin üzvləri etmişlər.

        Sonda qaliblərə Baş İdarə tərəfindən diplomlar təqdim olunmuşdur.