Vətən Müharibəsində şücaət göstərmiş Qarabağ qaziləri və arxa cəbhədə informasiya müharibəsi aparan gənclərlə birlikdə “Vətən Uğrunda” adlı görüş keçirilmişdir

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Xəzər rayon İcra Hakimiyyəti, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası, Xəzər rayon Gənclər və İdman İdarəsi və Xəzər Gənclər Evinin birgə təşkilatçılığı ilə “26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü”nə həsr olunmuş Vətən Müharibəsində şücaət göstərmiş Qarabağ qaziləri və arxa cəbhədə informasiya müharibəsi aparan gənclərlə birlikdə “Vətən Uğrunda” adlı görüş keçirilmişdir.
           Görüşdə Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Xəzər rayon İcra Hakimiyyətinin Vətən Müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Teymur Həşimov, Qarabağ qaziləri İctimai Birliyinin sədri Rəyasət Tağıyev Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbədən və bu tarixi qələbənin əldə olunmasında Azərbaycan xalqının fədakarlığından söz açaraq ölkəmizdə ordu quruculuğu istiqamətində görülən işlərdən, İkinci Qarabağ döyüşlərində əsgərlərimizin göstərdiyi şücaətdən bəhs ediblər. Diqqətə çatdırılıb ki, dövlətimiz şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir və vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir. Həmçinin çıxışlarda qeyd edilib ki, savaş meydanında və arxa cəbhədə əldə etdiyimiz tarixi qələbənin ardınca Azərbaycanı daha böyük gələcək, daha firəvan həyat gözləyir.
         Tədbirdə çıxış edən qazilər də müharibə ilə bağlı xatirələrindən və göstərdikləri igidliklərdən bəhs ediblər. Onlar, eyni zamanda qələbəyə xalqımızın birliyinin və həmrəyliyinin sayəsində nail olduğumuzu vurğulamaqla yanaşı, dövlətimizin şəhid ailələrinə və vətən uğrunda sağlamlığını itirmiş şəxslərə göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə etmişlər.
               Tədbirin sonunda Qarabağ qazilərinə və arxa cəbhədə informasiya müharibəsi aparan gənclər fəxri fərmanlarla təltif olunublar.