Vətən Müharibəsi şəhidlərinin xatirəsinə həsr edilmiş şahmat turnirinin qalibləri mükafatlandırıldı

            Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, İsmayıllı Rayon Gənclər və İdman İdarəsi, Füzuli Rayon Gənclər və İdman İdarəsi və “İDEA” Şahmat Klubunun birgə təşkilatçılığı ilə keçirilmiş Vətən Müharibəsi şəhidləri, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabir Tarverdiyev, Şakir Cəmilli, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş XTQ əsgəri Xəyal Məmmədov və “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəmil Məmmədlinin xatirəsinə həsr edilmiş onlayn şahmat turnirinin qalibləri mükafatlandırılmışlar.
         Mükafatlandırma mərasiminində şəhid Cəmil Məmmədlinin anası Aygün Məmmədova, şəhid Cabir Tarverdiyevin qardaşı Nofəl Tarverdiyev, şəhid Şakir Cəmillinin qardaşı Elşən Cəmilli, şəhid Xəyal Məmmədovun əmisi Səxavət Məmmədov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin rəisi Taleh Salehov, Füzuli rayon Gənclər və İdman İdarəsi, Balakən rayon Gənclər İdman İdarəsinin nümayəndələri, “İDEA” Şahmat Klubunun direktoru Fidan Talıbova, qalib şahmatçılar iştirak etmişlər.
         Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxış edərək vətənpərvər oğullarımızın xalqın yaddaşında əbədi yaşayacağını, onlar kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğunu, illər keçsə də, gələcək nəsillər hər zaman böyük minnətdarlıq duyğusu ilə şəhidlərimizi yad edəcəklərini vurğulayıb. O, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğının bundan sonra da davam etdiriləcəyini, Baş İdarə tərəfindən şəhidlərimizin əziz xatirəsinə həsr edilmiş silsilə tədbirlərin və müxtəlif turnirlərin keçiriləcəyini bildirib.
         Sonra şəhidlərin yaxınları idmançılara uğurlar arzulayıb, övladlarının xatirələrinin əziz tutulmasına görə təşkilatçılara minnətdarlığını bildiriblər.
         Sonda qaliblər Baş İdarə tərəfindən medallar və xatirə diplomları ilə mükafatlandırıblar.
       Vətən Müharibəsi şəhidləri, “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuş Cabir Tarverdiyev, Şakir Cəmilli, “Vətən uğrunda”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş XTQ əsgəri Xəyal Məmmədovun xatirəsinə həsr olunmuş turnirdə oğlanlar arasında I yeri Rəsul Tarverdiyev, Paşam Əlizadə, qızlar arasında isə I yeri Ayan Hüseynli, Fatimə Abdullayeva tutmuşlar.
     “Vətən uğrunda”, “Xocəvəndin azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş Cəmil Məmmədlinin xatirəsinə həsr edilmiş onlayn şahmat turnirində isə Murad Rzayev və Röya Çantayeva I yeri tutmuşlar.