Vətən müharibəsi qaziləri və iştirakçılarına dəstək məqsədilə Nəsimi rayonunda görüşlər keçirilir

         Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Nəsimi Rayon İcra Hakimiyyəti və Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının (AƏAQF) birgə təşkilatçılığı ilə bu gün Vətən müharibəsi qaziləri və iştirakçılarına dəstək məqsədilə Nəsimi rayonunda görüşlər keçirilir. Qeyd edək ki, daha əvvəl Xəzər, Suraxanı, Sabunçu, Xətai, Binəqədi, Yasamal, Qaradağ rayonlarında Vətən Müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib.
       Görüş zamanı onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi planlaşdırılan qılıncoynatma üzrə “Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub.
     Görüşdə Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Nəsimi rayon İcra Hakimiyyəti başçısının birinci müavini Gülarə Verdiyeva, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Nəsimi rayon İcra Hakimiyyətinin Qazi və Vətən Müharibəsi iştirakçıları ilə iş şöbəsinin rəsmiləri, Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev və əməkdaşları iştirak edib.
Bildirilib ki, 44 günlük Vətən Müharibəsində xalqa qələbə sevincini yaşadan bütün qazilər BŞGİBİ ilə əlaqə yaradaraq arzu və istəklərini, o cümlədən, problemlərini dilə gətirə bilərlər.
      Bu layihələr respublikanın bütün hüdudlarını davamlı əhatə edəcək. İlkin olaraq, Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi planlaşdırılır.