“Qusar Open 2021” şahmat turnirinin qalibləri müəyyənləşib

        Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi və Azərbaycan Məktəb İdmanları Federasiyasının dəstəyi ilə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə Qusar rayonunda keçirilən “Qusar Open 2021” Beynəlxalq Şahmat turnirinin qalibləri müəyyənləşib. 70-ə yaxın şahmatçının iştirak etdiyi beynəlxalq turnirdə Bakı, Sumqayıt, Xaçmaz, Qusar, Quba rayonları ilə yanaşı Gürcüstan və Rusiya federasiyasından da şahmatçılar iştirak ediblər.

        Yarışın açılış mərasimində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Gündüz Vəliyev, Təhsil Respublika İdman Mərkəzinin şahmat üzrə baş məşqçisi Raul Quliyev, Şahmat üzrə yeniyetmələrdən ibarət milli yığma komandanın baş məşqçisi Fərid Abbasov, Qusar rayon Gənclər və İdman İdarəsinin rəisi Emil Əmirmətov iştirak ediblər.

           Bu Beynəlxalq turnir həm reytinqli, həmdə dərəcə normativli yarış hesab olunub. Yarışın baş hakimi Fidan Talıbova idi.

         Eyni zamanda bu yarış təşkilatçılar tərəfindən pandemiya dövründə açıq havada keçirilən ilk böyük yarışdır. 2004-cü il təvəllüdlü və daha kiçik yaş qrupuna aid olan uşaqların iştirakı ilə keçirilən yarış 9 turdan ibarət olub və dörd gün ərzində davam edib. Yarışın rəsmi açılışı sosial şəbəkə üzərindən canlı yayımlanıb.

         Həmçinin şahmatçıların gərgin turlardan sonra səmərəli istirahətini təşkil etmək məqsədilə Qusar rayonunun gözəl meşə zolağına gəzintisi və şəhərin mərkəzindəki Ulu Öndər Heydər Əliyev Mərkəzinə ekskursiyası təşkil olunmuş, Ümummilli Liderin əzəmətli heykəli qarşısında xatirə şəkli çəkilmişdir.

         Günün maraqlı və yaddaqalan hadisələrindən biri də beynəlxalq qrossmeyster Nicat Məmmədov və  beynəlxalq qrandmaster Şəhriyar Məmmədyarovun turnirdə qonaq qismində iştirak etməsi oldu. Beynəlxalq qrossmeyster Nicat Məmmədov turnir işrirakçılarına seans verdi və müəllifi olduğu “Həlledici taktiki zərbələr” adlı kitabını gənc şahmatçılara təqdim etdi.

              Yarışın yekun nəticələrinə əsasən ümumi hesabda oğlanlar arasında I yeri İbrahim Seyidov, II yeri Rüstəm Rüstəmov, III yeri, Paşam Əlizadə, qızlar arasında I yeri Firəngiz Tarverdiyeva, II yeri Əsnad Baxşızadə, III yeri Dəniz Dövlətzadə, 8 yaş qrupu arasında I yeri Fatimə Mirzəliyeva, II yeri Burzu Sarhad, III yeri Yusif Musasoy, 10 yaş qrupu arasında I yeri Murad Rzayev, II yeri Ceyhun Zeynalzadə, III yeri Leyla Mirzəliyeva, 12 yaş qrupu arasında I yeri Kənan İsbatov, II yeri Nursübhan İsmayılzadə, III yeri Rəvan Şatırov, 14 yaş qrupu arasında I yeri Rahim Qasımzadə, II yeri Allahverdi Həmidov, III yeri Sahib Əsgərov, 16 yaş qrupu arasında I yeri Mirmehdi Səlifli, II yeri Məhəmməd Əsgərov, III yeri isə Rəşid Səfərov tutmuşdur.

                Qaliblərə Baş İdarə tərəfindən qiymətli hədiyyələr, diplom və kuboklar təqdim edilmişdir.