Nizami rayonunda qazilərlə görüşlər keçirilir

          Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ), Nizami Rayon İcra Hakimiyyəti, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyası (AƏAQF) və Nizami Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Nizami rayonunda bir qrup Vətən Müharibəsinin qaziləri ilə görüşlər keçirilib.
        Qeyd edək ki, daha əvvəl Xəzər, Suraxanı, Sabunçu, Xətai, Binəqədi, Yasamal, Qaradağ, Nəsimi, Nərimanov rayonlarında Vətən Müharibəsi qazilərinə psixoloji, mənəvi, hüquqi dəstək verilməsi üzrə görüşlər keçirilib.
Görüşlər Vətən Müharibəsi qaziləri Nurlan Nuriyevin, Ilham Ismayılovun və Ramazan Muradovun yaşadığı evlərdə keçirilmişdir.
        Qazilərlə görüşlər zamanı onlara mənəvi dəstək, hüquqi məsləhət, gənclərin paralimpiya hərəkatına cəlb olunmaları, qaziləri maraqlandıran sualların müvafiq qurumlara çatdırılma işində dəstəyin göstərilməsi kimi məsələlər müzakirə edilib. Həmçinin qazilərin Azərbaycanda keçirilməsi planlaşdırılan qılıncoynatma üzrə “Zəfər Kuboku”na cəlb edilmələri nəzərdə tutulub.
       Diqqətə çatdırılıb ki, dövlətimiz şəhid ailələrinə, əlillərə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir və vətəndaşlarımızın sosial müdafiəsi daim gücləndirilir.
          Bu layihələr respublikanın bütün hüdudlarını davamlı əhatə edəcək. İlkin olaraq, Bakı şəhərindən start götürən layihələrin regionlara qədər davam etməsi planlaşdırılır.