Nərimanov rayon gəncləri arasında kulinariya müsabiqəsi keçirilib
Suraxanı Gənclər Evində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə gənclər arasında kulinariya müsabiqəsi keçirilib.
Müsabiqənin məqsədi gənclər arasında kulinariya sənətinin inkişaf etdirilməsi, istedadlı gənclərin üzə çıxarılması, onların asudə vaxtının səmərəli təşkil edilməsi olmuşdur.
Qeyd edək ki, müsabiqə 2 mərhələdən ibarət keçirilib: 1-ci mərhələdə gənclərə təşkilatçılar tərəfindən eyni çeşiddə meyvə və tərəvəzlər verilmiş, onlar 30 dəqiqə ərzində müxtəlif salatlar hazırlamışlar; 2-ci mərhələ – ev tapşırığı – qeydiyyatdan keçmiş gənclər müsabiqədən 1 gün öncə ev şəraitində şirniyyat hazırlayaraq müsabiqəyə gətirmişlər.
Müsabiqədə Nərimanov Rayon Gənclər və İdman İdarəisinin rəisi Nəcəf Novruzov, Azərbaycan Əlil Arabasında Qılıncoynatma Federasiyasının prezidenti Asəf Məlikov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov, Suraxanı Gənclər Evinin direktoru Natavan Rüstəmova, Azərbaycan Kooperasiya Universitetinin Mətbuat və İctimai İşlər Xidmətinin rəhbəri Tamerlan Əkbərov və fəal gənclər iştirak etmişlər.
Gərgin mübarizə nəticəsində münsiflər heyətinin verdiyi qiymətləndirməyə əsasən I yeri Qərbi Kaspi kollecin tələbəsi Fidan Mansırova, II yeri Turizm və sosial xidmətlər üzrə bakı dövlət peşə təhsil mərkəzinin tələbəsi Abdulla Abdullayev, III yeri isə Qərbi Kaspi Universitetinin tələbəsi Aişə Hüseynova tutumuşlar.
Sonda qaliblər təşkilatçılar tərəfindən müxtəlif dərəcəli diplom, medal və hədiyyələr ilə, eyni zamanda bütün iştirakçılar sertifikatlar ilə təltif olunmuşlar.