Vətən Müharibəsi qaziləri ilə görüş keçirilmişdir
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 21 oktyabr 2021-ci il tarixində Binəqədi rayon 115 nömrəli tam orta məktəbdə Zəngilan və Qubadlı rayonlarının işğaldan azad olunması ilə əlaqədar Vətən Müharibəsi qaziləri ilə görüş keçirilmişdir.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi və Vətən Müharibəsində ölkəmizin azadlığı və müstəqilliyi yolunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Binəqədi rayon 115 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədova açaraq bildirdi ki, 44 günlük Vətən Müharibəsində Azərbaycan Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə rəşadətli Ordumuzun döyüş meydanında göstərdiyi şücaət və qəhrəmanlıq nəticəsində parlaq Qələbə qazanıldı. Əlbəttə, bu Qələbə asan əldə edilməyib. Yüzlərlə şəhid verdik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə Allahdan şəfa diləyirəm. Hesab edirəm ki, Azərbaycan öz qəhrəmanlıq salnaməsinin ən unudulmaz tarixini yazdı. Bu tarixi yazan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla Azərbaycan Ordusunun hər bir əsgəri və zabiti oldu.
Sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin əməkdaşı Samir Kazımov, Binəqədi rayon İcra Hakimiyyəti aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçi Füzuli Mehrabzadə, çıxış edərək bu görüşün böyük məna və əhəmiyyət kəsb etdiyini bildirdilər.
Məktəblilərin ifasında şəhidlərimizə və qazilərimizə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olundu.
Görüşdə çıxış edən Vətən Müharibəsi qazisi Ceyhun Sədrayev keçdiyi 44 günlük Zəfər yolundan danışaraq ən ağır döyüşlərin getdiyi anda belə əsgərlərin, şəxsi heyətin yüksək əhvali-ruhiyyəsinin, döyüş əzminin qətiyyən zəifləmədiyini, əksinə hər çətin ərazi relyefinə malik rayonlarımızın düşmən tapdağından azad olunduğu günlərdə onların daha çox sevindiyini, keçirdikləri hisslərin sözlərlə ifadə edilməsinin mümkünsüzlüyünü dilə gətirdi. Sonra qazi Ceyhun Sədrayev uşaqların suallarını cavablandırdı. Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev çıxış edərək, qonaqlara, Binəqədi rayon 115 nömrəli tam orta məktəbin direktoru Natəvan Əsədovaya və tədbirin hazırlanmasında əməyi keçən hər kəsə öz minnətdarlığını bildirdi.
Görüşün sonunda bir qrup iştirakçıya Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin və Binəqədi rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olundu və xatirə şəkilləri çəkildi.