“Uşaqların gözü ilə Zəfərimiz” adlı rəsm müsabiqəsi təşkil olunub
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin, Azərbaycan Respublikası Gəncliyə Yardım Fondunun və “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin təşkilatçılığı ilə paytaxtın məktəbliləri arasında keçirilən “Uşaqların gözü ilə Zəfərimiz” adlı rəsm müsabiqəsinin qalibləri noyabrın 11-də mükafatlandırılıb.
Müsabiqənin bağlanış mərasimində əvvəlcə Vətən müharibəsi şəhidlərinin xatirəsi yad edilib, Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Vətən müharibəsində şanlı Qələbə münasibətilə Azərbaycan dövlətini və xalqını təbrik edən Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecin bildirib ki, Azərbaycan uzun illər davam edən işğala Vətən müharibəsində şanlı Zəfər qazanaraq son qoydu. Türkiyə hər zaman olduğu kimi, bu dəfə də qardaş Azərbaycan xalqının yanında yer aldı və öz dəstəyini əsirgəmədi.
Müsabiqə barədə məlumat verən A.Tecin qeyd edib ki, məqsəd şanlı Zəfərin rəsm əsərləri ilə tarixin səhifələrində öz yerini alması, uşaqların hadisələri, Zəfər hissini daha yaxşı mənimsəmələri və torpaqlarımızın işğaldan azad edilməsinə misilsiz fədakarlıq və vətənpərvərlik örnəyi göstərən qəhrəmanlarımızın xatirəsini uca tutmaqdır. Müsabiqədə tutduqları yerdən asılı olmayaraq hər bir iştirakçı təşkilatçılar tərəfindən qalib kimi qiymətləndirilir.
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov çıxışında 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi Qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə görə şəhid ailələrinə minnətdarlığını ifadə edib. O, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin heç zaman unudulmayacağını, onların əziz xatirəsinin qəlbimizdə daim yaşayacağını vurğulayıb.
R.Abbasov məktəblilərin çəkdikləri rəsmləri yüksək qiymətləndirib və gələcəyimiz olan şagirdləri milli vətənpərvərlik ruhunda yetişdirən müəllimlərə və valideynlərə təşəkkür edib.
Türkiyə Daxili İşlər Nazirliyinin müşaviri general-mayor Nuri Öztürk bildirib ki, şanlı Zəfər Azərbaycana əvəzedilməz sevinc hissi və bayram bəxş etdi. Ən saf və səmimi duyğulara sahib olan uşaqlar da İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan Ordusuna dəstək oldu. Zəfər Günü uşaqlarda milli-mənəvi duyğuları gücləndirib.
Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun anası Səmayə xanım çıxışında qeyd edib ki, Azərbaycan xalqının Qarabağ uğrunda apardığı Vətən müharibəsində böyük tarixi Qələbənin qazanılması hamımıza sonsuz sevinc və qürur hissi yaşadır. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin böyük siyasi iradəsi, müdrik rəhbərliyi, sərkərdəlik məharəti, qətiyyətli diplomatiyası sayəsində rəşadətli Azərbaycan Ordusu Vətən müharibəsində Qələbə qazandı. Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü məhz bu böyük Qələbə sayəsində bərpa edildi.
“Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri Emin Həsənli deyib ki, 44 günlük Vətən müharibəsində düşmənə sarsıdıcı zərbə vuraraq şanlı Zəfər qazanan Azərbaycan Ordusu əsl qəhrəmanlıq salnaməsi yazdı.
Münsiflər heyəti adından çıxış edən Elnurə və Aygün İsgəndərova bacıları bütün işlərin müsabiqənin nizamnaməsinə uyğun və obyektiv dəyərləndirildiyini qeyd ediblər.
Sonra mükafatlandırma mərasimi keçirilib. Əvvəlcə müsabiqənin münsiflər heyətinə təşkilatçılar tərəfindən hədiyyələr təqdim olunub.
Daha sonra müsabiqədə fərqlənən və qalib şagirdlərə sertifikat və müxtəlif hədiyyələr təqdim edilib.
Məlumat verilib ki, 200-dən çox rəsm əsərinin təqdim edildiyi müsabiqədə birinci yerə Sabunçu rayonu 4 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Səidə Babayeva, ikinci yerə İncəsənət Gimnaziyasının 7-ci sinif şagirdi Zəhra Məmmədli, üçüncü yerə 132-134 saylı Təhsil Kompleksinin 6-cı sinif şagirdi Ayla İsmayilova layiq görülüblər.
Sonda qaliblər və digər iştirakçılar təltif ediliblər.