Nərimanov rayonunda “Gənclər həftəsi” çərçivəsində “Gənclik yeni zəfərlərə doğru” adlı forumu keçirilib

              27 yanvar 2022-ci il tarixdə “Bakı Avrasiya” Universitetində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “2 fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibəti ilə “Gənclər həftəsi” çərçivəsində “Gənclik yeni zəfərlərə doğru” adlı forumu keçirilib.
            Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Bakı Avrasiya” Universitetinin Filologiya fakültəsinin dekanı dos.Salman Süleymanov, Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dos.Mütəllim Rəhimov, Tərcümə Kafedrasının müəllimi dos. Sevda Rzayeva, Vətən Müharibəsi qazisi Ağa Məmməd Hacızadə, Vətən Müharibəsi iştirakçısı İlkin Məmmədzadə və “Bakı Avrasiya” Universitetinin tələbələri iştirak etmişlər.
            İlk öncə Azərbaycanımızın azadlığı, istiqlaliyyəti və müstəqilliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
            Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, “Bakı Avrasiya” Universitetinin Filologiya fakültəsinin dekanı dos.Salman Süleymanov və Regionşünaslıq və İqtisadiyyat fakültəsinin dekanı dos.Mütəllim Rəhimov gəncləri qarşıdan gələn “2 fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə təbrik etdilər, onlara təhsildə və ictimai fəaliyyətlərində böyük uğurlar arzuladılar. Natiqlər bildirdilər ki, respublikada çoxsaylı gənclər təşkilatlarının fəaliyyət göstərdiyi bir şəraitdə onların işini əlaqələndirmək zərurəti getdikcə özünü daha çox göstərirdi. Bu işi təmin etmək məqsədilə Ulu Öndər Heydər Əliyevin xüsusi fərmanı ilə 1996-cı ilin fevral ayının 2-də keçirilmiş Müstəqil Azərbaycan Gənclərinin I Forumunun xüsusi əhəmiyyəti oldu. 1997-ci il fevral ayının 1-də Ulu Öndər Heydər Əliyev 2 fevralın Gənclər Günü elan edilməsi haqqında Fərman imzalamışdır. Həmin vaxtdan 25 ildir ki, “2 Fevral – Azərbaycan Gəncləri Günü” kimi qeyd edilir. Ölkəmizdə gənclərlə bağlı böyük işlər, genişmiqyaslı tədbirlər həyata keçirilir, müxtəlif layihələr, dövlət proqramları icra edilir. Bu gün hər birimiz fəxr edirik ki, Müzəffər Ali Baş Komandanın qətiyyəti və uzaqgörən rəhbərliyi, rəşadətli Azərbaycan Ordusunun peşəkarlığı və qələbə əzmi, xalqımızın mətanəti sayəsində torpaqlarımız işğaldan azad edilib. Azad edilən torpaqlarımızda görüləcək quruculuq-abadlıq işlərində, doğma diyarımızın yenidən çiçəklənməsində gənclərimizin də iştirakı mühüm əhəmiyyət kəsb edir. Azərbaycan gənclərinin ölkə həyatında yüksək fəallığı, vətənpərvərliyi, dövlətə və Vətənə bağlılığı gənclərimizin bu prosesdə də fəal iştirak edəcəklərini deməyə güclü əsas yaradır.
             Sonra çıxış edən Vətən Müharibəsi qazisi Ağa Məmməd Hacızadə və Vətən Müharibəsi iştirakçısı İlkin Məmmədzadə qeyd etdilər ki, gənclərimiz ölkə həyatının bütün sahələrində fəal iştirak etməklə mühüm proseslərdə rol oynayırlar, Azərbaycan gəncliyinin önündə böyük qapılar, yollar açılıb. Gəncliyə göstərilən dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir və bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir.
Forumun sonunda gənclər sahəsində keçirilən tədbirlərin təşkilində və keçirilməsində göstərdiyi könüllülük fəaliyyətinə görə və “2 Fevral – Azərbaycan Gəncləri Günü”nün təsis edilməsinin 25 illiyi münasibəti ilə “Bakı Avrasiya” Universitetinin 10 nəfər fəal gənci mükafatlandırılmışdır.