İdman rəqsləri üzrə Bakı şəhər birinciliyi və çempionatı keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və Azərbaycan Respublikası İdman rəqsləri Federasiyasının təşkilatçılığı ilə Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində idman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatı təşkil olunub.
Tədbirin keçirilməsində əsas məqsəd bal rəqsinin təbliği və inkişaf etdirilməsi, uşaqların idmana və incəsənətə qarşı olan marağının artırılması, istedadlı gənclərin aşkar edilməsidir.
Müsabiqə 12 kateqoriyada 3 yaş qrupu (6-10, 11-15, 16-21) və Avropa standart və Latın Amerika proqramı, duet və solo ifaçıları nominasiyaları üzrə keçirilib.
Pandemiya qaydalarına uyğun təşkil olunan uşaq, yeniyetmə və gənclər arasında keçirilən çempionatda 75 iştirakçı birincilik uğrunda mübarizə aparıb.
Uşaq, yeniyetmə və gənclər arasında keçirilən idman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatında 6-10 yaş qrupu üzrə I yerə Mikailov Rüfət, Muradova Ameliya; II yerə Səfərli Kərim, Mineyeva Viktoriya; III yerə Hüseynov Murad, Kazakova Karolina; 11-15 yaş qrupu üzrə I yerə Abbasov Qaflan, Kşnyakina Anastasiya; II yerə Əliyev Raul, Kşnyakina Darya; III yerə Lebedev Vasiliy, Qrızak Selena; 16-21 yaş qrupu, Standart və Latın proqramı nominasiyası üzrə I yerə Ağayev Fərhad, Kovalyova Valeriya; II yerə ŞevçenkoTimur, Yeliseyeva Elza; III yerə Quliyev Riad, Quliyeva Aylin; 16-21 yaş qrupu, solo Standart və Latın proqramı nominasiyası üzrə I yerə Novruzova Nigar, II yerə Əhmədova Ülviyyə, III yerə İsmayılova Aynur layiq görülüblər.
Qeyd edək ki, yarışmaya RUGİM, “Olimp” idman klubu, “Rovesnik” rəqs dərnəyi, “Azəri inciləri”, “1001 gecə”, “Harmony dance”, “İmpuls rəqs”, “Şane rəqs” studiyalarından iştirakçılar qatılıblar.
İdman bal rəqsləri üzrə Bakı birinciliyi və çempionatında baş hakim qismində Azərbaycan Respublikası İdman rəqsləri Federasiyası İctimai Birliyinin Hakimlər Kollegiyasının üzvü Məryəm Quliyeva və baş katib Fərid Mehdiyev iştirak ediblər.
Sonda yarışın qaliblərinə medal və diplom təqdim edilib.