Nəsimi rayonunda tələbələr arasında keçirilən idman yarışları başa çatıb
Nəsimi rayonunda yerləşən ali təhsil müəssisələrinin tələbələri arasında keçirilən və 5 mart – Bədən Tərbiyəsi və İdman Gününə həsr olunan stolüstü tennis, badminton, şahmat və futzal üzrə yarışların qalibləri müəyyənləşib.
Tədbirin açılış mərasimində əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin(BŞGİBİ) rəisi Raqif Abbasov, ATU-nun stomatologiya fakültəsinin dekanı Səid Əhmədov, Nəsimi Rayon Gənclər və İdman İdarəsinin rəisi Şahmar Tağıyev, “Təbib” idman klubunun sədri Qələndər Aslanov və digərləri hər il martın 5-də ölkəmizdə Bədən Tərbiyəsi və İdman Gününün qeyd olunduğunu bildiriblər.
Qeyd edilib ki, bu tarix Azərbaycan Prezidenti İlham Əliyevin “Bədən tərbiyəsi və idman günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən qeyd edilir. Dövlətimizin başçısının qayğısı sayəsində Azərbaycanın hər yerində müasir idman kompleksləri tikilib istifadəyə verildiyi, mövcud idman obyektlərinin yenidən qurulduğu, maddi-texniki bazanın möhkəmləndirildiyi, idmançıların peşəkarlığının artırılması istiqamətində mühüm addımlar atıldığı vurğulanıb.
Sonra 8 ali təhsil müəssisəsindən 175 nəfər idmançının iştirak etdiyi yarışlara start verilib.
Futzal, badminton, stolüstü tennis yarışlarında Azərbaycan Tibb Universitetinin komandası qalib adını qazanıb. Azərbaycan Dövlət İqtisad Universitetinin yığması isə şahmat turnirində ən yüksək nəticə əldə edib.
Qaliblər Nəsimi Rayon Gənclər və İdman İdarəsi tərəfindən kubok, diplom və medallarla təltif olunublar. Tədbirin təşkilində yüksək fəallıq nümayiş etdirən bir qrup könüllüyə və hakimlərə isə təşəkkürnamələr verilib.
Tədbirdə, eyni zamanda, Nəsimi rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimlərinə 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə fəxri fərmanlar təqdim olunub.