Prezidentlə görüşən güləşçilər TƏƏSSÜRATLARINI SİA-YA DANIŞDILAR – SORĞU
Martın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 23 yaşadək idmançıların Bolqarıstanda keçirilmiş güləş üzrə 7-ci Avropa çempionatının iştirakçılarını qəbul edib. Cənab Prezident Güləş Federasiyasını və gənc idmançılarımızı təbrik edərək, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. SİA olaraq qaliblərimizin və qurum rəsmilərinin təəssüratlarını öyrəndik.
Bakı şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov: “Azərbaycan güləşçiləri Bolqarıstanda keçirilən 23 yaşa qədər Avropa Çempionatında uğurla çıxış edib. Yarışda Yunan-Roma güləşi, sərbəst və qadın güləşi üzrə idmançılarımız Azərbaycana qalib bir vəziyyətdə geri dönüb. Nəticə olaraq komanda hesabında Azərbaycan güləş milli yığması birinci yerə çıxıb. Bu böyük bir tarixi nəticədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün Güləş Federasiyasının yığma komandasını və Avropa çempionatının qaliblərini, məşqçilər və Federassiya rəsmiləri ilə görüşüb. Cənab Prezident yeni Gənclər və İdman Nazirini təyin edərkən tapşırıqlar əsasında yenilənmə işinin aparılması barədə tapşırığ verib və bu proses bu gün də davam etdirilir. Eyni zamanda cənab Prezident Güləş Federasiyasında son dəyişiklikliyə qədər olan dövrə toxunmuş və bəzi məqamların narahatçılıq doğurduğunu bildirib. Görüş zamanı cənab Prezident federasiya rəhbərlərinə, idman mütəxəssislərinə, Gənclər və İdman Nazirliyinə bildirib ki, bütün idmançılara qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsi üçün şərait yaradılmalıdır. Bunun nəticəsində yüksək səviyyədə uğurların gözlənilməsi zəruridir. Bu iki amil bizim uğurumuzun əsasını təşkil edir. Cənab Prezident həm də müharibədə böyük məharətlə iştirak etmiş Azərbaycanın müzəffər ordusu haqqında və bu orduda məhz gənclərin xidmət etməsi barədə məlumat verdi. Bununla da cənab Prezident bütün dünyaya bir mesaj verdi ki, Azərbaycanın güclü ordusu və sağlam gəncliyi var”.
Müəllif: Banuçiçək Hüseynli