Kross qaçışı üzrə paytaxt çempionatının qalibləri bəlli olub
Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə paytaxt çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən çempionatda gənclər və böyüklər iştirak ediblər.
Yarışda 7 komandanın heyətində 88 idmançı mübarizə aparıb.
Qadınların yarışında 1 kilometr məsafəyə qaçışda İlahə Quliyeva birinci olub. Tutuxanım İsrafilova 2, Aydan Alışova 4, Anna Yusupova isə 6 kilometr məsafəyə qaçışda qızıl medal qazanıblar.
Kişilərin mübarizəsində Cəbrayıl Cəbizadə 2, Yevgeniy Mordakov 3, Nurlan Bayramov 6, Elman Abışov isə 10 kilometr məsafəyə qaçışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Komanda hesabında isə 59 xalla Rekord İK I yeri, 194 xalla Təhsil RİM-5 II yeri, 242 xalla Təhsil RİM-1 III yeri tutub.
İlk üç yeri tutan idmançılara Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunub.