Tailand Beynəlxalq Riyaziyyat Olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimi keçirilib
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Bakı Gənclər Mərkəzi və Tailand Beynəlxalq Riyaziyyat Olimpiadasının Azərbaycan nümayəndəliyi “LEAD Education” Təhsil və İnkişaf Mərkəzinin birgə təşkilatçılığı ilə Bakı Gənclər Mərkəzində Tailand Beynəlxalq Riyaziyyat Olimpiadasının (TIMO) medal təqdimetmə mərasimi keçirilib.
Tədbirdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Zamin Əhmədov, Bakı Gənclər Mərkəzinin direktor müavini Günay Talıbova, “LEAD Education” Təhsil və İnkişaf Mərkəzinin direktoru Eltac Cəbiyev, “E-box” süni intellekt şirkətinin rəhbəri Şamo Salayev, Zirvə liseyinin direktor müavini Yaşar Zeynalov, Bakı İstanbul Liseyinin direktor müavini Aytac Şəfiyeva, Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev, “Smart Education” təhsil şirkərinin təssisçi-direktoru İlgün Hətəmova, Respublikamızın xalq artisi Gülyanaq Məmmədova və digər rəsmi qonaqlar iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin ruhunu bir dəqiqəlik sükutla yad ediblər. Sonra Dövlət himni səsləndirilib.
Tədbiri giriş sözü ilə açan “LEAD Education” Təhsil və İnkişaf Mərkəzinin direktoru Eltac Cəbiyev rəhbəri olduğu mərkəzin ev sahibliyi etdiyi beynəlxalq təhsil layihələri haqqında tədbir iştirakçılarını məlumatlandırıb və qalib şagirdləri təbrik edib. E.Cəbiyev məlumat üçün qeyd edib ki, istedadlı və yaradıcı təfəkkürü ilə seçilən şagirdləri aşkar etmək istiqamətində ölkəmizdə keçirilən TIMO-da Merit sertifikatlarla birgə 200-ə yaxın şagird müvəffəqiyyət əldə edib. Onlardan 5 şagird qızıl, 24 şagird gümüş, 80 şagird bürünc medal qazanıb. E.Cəbiyev bildirib ki, Azərbaycan şagirdlərinin beynəlxalq olimpiadalarda respublikamızı təmsil etməsi təhsilimizin beynəlxalq təhsil sisteminə inteqrasiyasını sürətləndirir. O,həmçinin dövlət ümumitəhsil məktəbləri ilə yanaşı, özəl təhsil müəssisələrinin də dövlətimizin təhsil siyasətindəki rolundan bəhs edib.
Tədbir iştirakçılarını TIMO-nun prezidenti Dr.Andy Lam online olaraq salamlayıb və TIMO-nun məqsədi və fəliyyəti haqqında auditoriyanı məlumatlandırıb.
Tədbirdə çıxış edən Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov tədbir iştirakçılarını salamlayəb, qalibləri və valideynlərini təbrik edib. A. Yusifov Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən gənclər siyasətində təhsil istiqamətindən danışıb. Qeyd edib ki, Gənclərin elmi, intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirilməsi gəclər siyasətinin əsas istiqamətlərindəndir, Bu gün gənclərimizin qazandığı nailiyyətlər uğurlu gənclər siyasətinin nəticəsidir.
Daha sonra söz, “E-box” süni intellekt şirkətinin rəhbəri Şamo Salayevə verilib. Ş.Salayev şagirdləri və valideynləri təbrik edərək, iştirakçılara təshildə innovasiyanın rolundan danışıb. O, qeyd edib ki, qloballaşan dünyada cəmiyyətin yüksəliş tendensiyaları, xüsusən də inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsasları araşdırılarkən məlum olur ki, bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqi ön sırada dayanır.
Azərbaycan İncəsənət Məktəbinin direktoru Tural Əliyev çıxışında bildirib ki, bu günkü Azərbaycan gəncliyi gələcəyin qurucusudur. O, həmçinin mədəniyyət və təhsil arasında inteqrasiyanın əhəmiyyətindən danışıb. Tədbirin bədii hissəsində Azərbaycan Respublikasının Xalq Artisti Gülyanaq Məmmədova çıxış edərək iştirakçıları təbrik edib. Daha sonra bədii hissədə söz, gənc istedadlar müsabiqəsinin qalibi Murad Laçına verilib.
Tədbirin sonunda qalib şagirdlərə rəsmi qonaqlar tərəfindən medallar təqdim olunub və yekun olaraaq final mərhələsində iştirak edən şagirdlərimizin nəticələri açıqlanıb.