NARKOMANİYA İLƏ MÜBARİZƏ TƏDBİRLƏRİ ÇƏRÇİVƏSİNDƏ ATU-DA TƏDBİR KEÇİRİLİB
Azərbaycan Tibb Universitetində (ATU) “Narkomaniyaya yox deyək!” adı altında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ATU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Zülfüqar Musabəyov əvvəlcə bu ilin “Şuşa ili” elan edilməsi və qədim şəhərimizin 270 illik yubileyinin qeyd olunmasının əhəmiyyətindən danışdı. “Şuşa ili” çərçivəsində Azərbaycan Tibb Universitetində müxtəlif mövzuları əhatə edən çoxsaylı tədbirlərin planlaşdırıldığını qeyd edən Z.Musabəyov bu gün gənclərin sağlamlığının qorunması, onlar arasında pis vərdişlərin yayılmasının qarşısının alınması ilə bağlı növbəti belə toplantının təşkil olunduğunu diqqətə çatdırdı.
Daha sonra Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsildə məzmun, tədris və qiymətləndirmə şöbəsinin müdiri Vəfa Yaqublu, , Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) hüquqşünası Gülnaz Ələsgərova, Gənclər və İdman Nazirliyinin seleksiya üzrə baş mütəxəssisi Elvin Zeynallı, ATU-nun Psixiatriya kafedrasının dosenti Araz Manuçeri Lalei, Bakı şəhəri Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının həkimi, psixiatr Ramil Hüseynzadə çıxış edərək narkomaniyaya qarşı mübarizədə önəmli məqamlardan danışıblar.
Mövzu ilə əlaqədar maarifləndirici videoçarxın nümayişindən sonra ATU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin Teatr Klubunun ifasında “Bir idmançının taleyi” tamaşası təqdim olunub.
Sonda narkomaniya ilə mübarizə işlərində aktivlik göstərən tələbələrə təşəkkürnamələr təqdim edilib.