“Bir fırça – min dünya” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb
Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin həyətində, açıq havada Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə şagirdlərin ətraf mühit sahəsində bilik və bacarıqlarının artırılması, gənc nəslin ekoloji maarifləndirilməsi və ictimaiyyətin ətraf mühitin birgə mühafizəsinə cəlb olunması məqsədi ilə onlar arasında keçirilmiş “Bir fırça – min dünya” adlı rəsm müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Mükafatlandırma mərasiminində çıxış edən Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri Arif Hümbətov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis müavini Aydın Yusifov və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbir iştirakçılarını salamladılar, qalib gəlmiş şagirdləri təbrik etdilər və qeyd etdilər ki, təbiət insanların sağlamlığı üçün ən önəmli faktorlardandır. Yəni ekoloji cəhətdən təmiz olmayan, havası təmiz olmayan mühitdə insan heç vaxt sağlam ola bilməz. Və elə buna görə də həm özümüzün, həm də ailəmizin, ümumiyyətlə hər birimizin sağlam olması üçün ilk növbədə təbiəti təmiz saxlamalı, ona mənfi təsir göstərməməliyik. Təbiəti qorumaq, onu təmiz saxlamaq hər birimizin mənəvi borcudur.
Sonda rəsm müsabiqəsində fərqlənmiş və qalib gəlmiş şagirdlər təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və medallar ilə təltif olunmuşlar.