Raqif Abbasov: Heydər Əliyev Azərbaycan xalqının milli qürur, əbədi iftixar mənbəyidir
Bakı, 10 may, AZƏRTAC
Müasir Azərbaycanın dövlətçilik tarixi xalqımızın böyük oğlu, dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyev Azərbaycan xalqının milli qürur, əbədi iftixar mənbəyidir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov deyib.
O, qeyd edib ki, qədim və zəngin dövlətçilik ənənələrinə malik olan xalqımızın tarixində Ümummilli Liderimizin şəxsiyyəti, onun siyasi və idarəçilik fəaliyyəti müstəsna yer tutur. Xalqımız həyat amalının bütün varlığı qədər sevdiyi Azərbaycana, xalqımıza, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət etmək olan Heydər Əliyevi həmişəlik Ümummilli Lider olaraq qəbul edib. Ulu Öndərimiz Azərbaycanın dövlət müstəqilliyinin banisidir. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın hansı vəziyyətə düşməsi və nə kimi təhlükələrlə üzləşməsini hamının yaxşı xatırladığını diqqətə çatdıran R.Abbasov Ümummilli Liderimizin xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruduğunu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdığını və inkişafın təməlini qoyduğunu bildirib: “Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkəmizdə siyasi böhranın ən yüksək həddə çatdırılması ilə dövlət müstəqilliyimizin itirilməsi üçün real təhlükələr yaranmışdı. Düşmən Ermənistanın respublikamıza hərbi təcavüzü nəticəsində torpaqlarımızın təxminən 20 faizinin işğal edilməsi, bir milyona yaxın Azərbaycan vətəndaşının doğma yurd-yuvalarından didərgin salınması, uşaq, qoca, qadın demədən yüzlərlə soydaşımızın ən ağlasığmaz işgəncələrlə qətlə yetirilməsi, dəhşətli Xocalı soyqırımı, Birinci Qarabağ müharibəsinin acı nəticəsi tariximizin ən faciəli səhifələrindəndir.
Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycan xalqının təkidli tələbi, hərtərəfli dəstəyi ilə yenidən ali hakimiyyətə qayıtması sayəsində ölkəmiz fəlakətdən xilas olub, əmin-amanlıq bərpa edilib, böyük quruculuq işlərinə başlanılıb. Bu quruculuq işlərində məhz gəncləri gələcək inkişaf üçün təşkilatlandırmaq və hazırlamaq, yeni nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişməsi, vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında tərbiyə edilməsi üçün böyük işlər görülüb. Bu gün təşəbbüsləri, əməyi ilə hər yerdə görünməkdə olan gənclər cəmiyyətimizin avanqard qüvvəsinə çevrilməklə ölkəmizin həyatında çox mühüm rol oynayırlar. Ulu Öndərin əsasını qoyduğu uğurlu idman siyasəti bu gün bəhrəsini verir. İdmançılarımız möhtəşəm nailiyyətlərə imza ataraq Azərbaycan bayrağını yüksəklərdə dalğalandırırlar. Müasir gənclər üçün ölkəmizdə geniş imkanlar yaradılıb və bu şəraitdən bəhrələnən gənc nəslin nümayəndələri gələcək həyatlarını düzgün müəyyənləşdirmək və dövlətə maksimum xeyir vermək üçün böyük fəallıq göstərirlər. Bu gün Azərbaycan gənci haqlı olaraq fəxr edir ki, azadlığın, sabitliyin bərqərar olduğu ölkənin vətəndaşıdır”.
Doğma Azərbaycanımızın XXI əsrdə qazandığı möhtəşəm uğurların Heydər Əliyev siyasəti və həmin siyasəti bacarıqla həyata keçirən Prezident İlham Əliyevin adı ilə bağlı olduğunu bildirən idarə rəisi Ulu Öndərin siyasətinin ən layiqli davamçısı olan və xalqımızın səmimi sevgisini qazanan dövlətimizin başçısının strategiyası və fədakarlığı sayəsində ölkəmizin dünyanın ən uğurlu gənc dövləti imicini qazandığını vurğulayıb: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində otuz ilə yaxın dövrdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində Vətən müharibəsində tarixi Zəfərimizlə azadlığa qovuşub. Bu gün xalqımız öz Prezidentinin ətrafında dəmir yumruq kimi sıx birləşərək Vətən, Qarabağ, Azərbaycan uğrunda böyük əzmlə mübarizə aparıb və möhtəşəm qələbə qazanıb.
Müasirləşmənin böyük iqtisadi tərəqqi və dövlətin qüdrətinin artması ilə müşayiət olunduğu Azərbaycan indi öz gələcəyinə daha inamla və böyük ümidlərlə baxır. Müasir Azərbaycanın memarı və qurucusu ümummilli lider Heydər Əliyevin davamçısı Prezident İlham Əliyev müasir dünyanın güclü dövlət liderlərindən biridir. Bu gün xalqımız əmindir ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan daha böyük zirvələr fəth edəcək”.