Atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirilən atletika üzrə 2005 – 2006 -cı il təvəllüdlü idmançılar arasında Bakı birinciliyinin qalibləri müəyyənləşib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən yarışda atletlər qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.
Yarışda paytaxtın 8 komandasından 120 atlet birincilik uğrunda mübarizə aparıb.
Oğlanlar arasında uzunluğa tullanma yarışında Hüseyn Abbasov, lovhə atmada Zülfiqar Qədimov, yadro itələmədə Furqan Bünyadov, üçtəkanla tullanmada İbrahim Xəlilli, hündürlüyə tullanmada Emil Xocayev qalib adını qazanıblar. Qızların yarışında uzunluğa tullanmada Veronika Antropova , yadro itələmədə isə Səkinə Hacızadə birinci yerə layiq görülüblər.
Oğlanlar arasında qaçış yarışlarında Murad Babazadə (100 m), Elcan Cəfərov (200 m), Səid Məmmədov (400 m), Kamran Məmmədov (800 m), Yevgeniy Mordakov (1500m) birinci olublar. Qızların mübarizəsində isə Ilahə Quliyeva (100 m), Viktoriya Çerniyenko (200 m), Emiliya İsgəndərova (400 m, 800 m), Ləman İsfəndiyarova (400 m sədlərlə qaçış), Anastasiya Morozova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.