“12 avqust – Beynəlxalq Gənclər Günü” ərəfəsində azərbaycanlı və əcnəbi gənclər ilə görüş keçirilib
Nərimanov Rayon İcra Hakimiyyətinin iclas zalında Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Nərimanov Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “12 avqust – Beynəlxalq Gənclər Günü” ərəfəsində azərbaycanlı və əcnəbi gənclər ilə görüş keçirilib.
Görüşdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Nərimanov Rayon Ağsaqqallar Şurasının sədri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov, Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin qızı Pəri Nudirəliyeva, ali və orta ixtisas təhsil müəssisələrinin sədr və müavinləri, Türkiyə Respublikasının, Nigeriya Federativ Respublikasının, Pakistan İslam Respublikasının, Kamerun Respublikasının, Gürcüstanın, Çin Xalq Respublikasının və Banqladeş Xalq Respublikasının Azərbaycanda təhsil alan əcnəbi tələbələri və fəal gənclər iştirak etmişlər.
Tədbirdə çıxış edən rəsmi şəxslər bildirmişlər ki, gənclərin daim inkişafda olmaları, təhsil almaları və vətənpərvərlik ruhunda tərbiyə olunmaları ölkənin tərəqqisinin bariz göstəricisidir. Natiqlər Azərbaycanda həyata keçirilən uğurlu və səmərəli gənclər siyasətindən bəhs ediblər. Diqqətə çatdırılıb ki, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Sosial həyatın bütün sahələrində gənclər əksəriyyət təşkil edir. Təbii ki, bu, Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifənin reallaşmasının nəticəsidir. Gənclər də öz növbəsində onlara göstərilən etimadı layiqincə doğrultmağa çalışırlar. Bu yüksək münasibətə cavab olaraq Azərbaycanın parlaq gələcəyinin təminatçısı olan gənclər bütöv və müstəqil Azərbaycan naminə bütün güclərini səfərbər edir, Vətənin inkişafı üçün səylə çalışır, öz siyasətində onlara arxalanan Prezident İlham Əliyevin uğurlu daxili və xarici siyasətini dəstəkləyirlər.
Əcnəbi gənclər tədbir təşkilatçılarına öz minnətdarlığını bildirmiş, gələcəkdə Azərbaycanın tarixi, mədəniyyəti, Azərbaycan həqiqətləri ilə bağlı keçiriləcək tədbirlərdə iştirak etmək arzusunu vurğulanmışlar.
Sonda tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri, azərbaycanlı və əcnəbi tələbələr “12 avqust – Beynəlxalq Gənclər Günü” münasibəti ilə fəxri fərmanlar ilə təltif olunmuşlar.