Sabah “Shusha Chess” turnirinin açılış mərasimi keçiriləcək

Sabah Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyası və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə baş tutacaq “Shusha Chess 2022” beynəlxalq şahmat turnirinə start veriləcək.
Görkəmli şairə və xeyriyyəçi Xurşidbanu Natəvanın 190 illik yubileyinə həsr olunan “Shusha Chess 2022” beynəlxalq şahmat turniri 2022-ci ilin 21-24 sentyabr tarixlərində Azərbaycanın Şuşa şəhərində yerləşən “Qarabağ” otelində təşkil olunacaq. Sentyabrın 21-də olacaq turnirin açılış mərasimi saat 14-də başlayacaq. Açılışdan sonra yarışın püşkatma mərasimi baş tutacaq.
Sabah həmçinin yarışda ilk turun görüşləri keçiriləcək. Turnir iki kateqoriyada – kişilər və qadınlar arasında təşkil olunacaq. İştirakçılar rapid və blits üzrə yarışacaq. Həm kişilər, həm də qadınların yarışında qalib rapid və blits turnirlərindəki xallarının cəminə əsasən müəyyən ediləcək.
“Shusha Chess 2022” şahmat turnirinin ümumi mükafat fondu 150 min manat (88200 ABŞ dolları) təşkil edir.
Xatırladaq ki, “Shusha Chess 2022” beynəlxalq turnirinin baş sponsoru Azərbaycan Respublikası Dövlət Neft Şirkəti – SOCAR, sponsoru regionunun ən böyük bankı ABB, tərəfdaşı isə “Azərxalça” ASC-dir.